Xaricdən məhsul sifariş verənlərin diqqətinə: QAYDALAR DƏYİŞİR
İyun ayından etibarən gömrük bağlamaları yeni qaydada bəyan ediləcək. Dövlət Gömrük Komitəsi Smart Customs saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edərək bildirib ki, bir neçə aydan sonra xaricdən məhsul sifariş edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi ilə təqdim edə bilməyəcəklər.
Operativ Media xəbər verir ki, yeni qərara əsasən, gömrük bəyannamələrinin təqdim edilməsi yalnız ASAN İmza, SİMA və ya MyGov üzərindən gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Daşıyıcı şirkətlərin əməkdaşları bildirirlər ki, hazırda istifadə edilən FİN kod və parol əsasında təsdiq prosesi gücləndirilmiş hesab edilmir. Əvvəlki qaydalarda olduğu kimi, telefon nömrəsi və parolla giriş də gücləndirilmiş elektron imza sayılmır.
Bu səbəbdən gömrük orqanları vətəndaşlardan bağlamalarının gömrükdə bəyan edilməsi və təsdiqlənməsi üçün gücləndirilmiş elektron imzadan istifadə etmələrini tələb edəcək.
Qeyd edək ki, fiziki şəxslər hazırda 300 ABŞ dolları məbləğində malı rüsumdan azad şəkildə ölkəyə gətirə bilirlər.
Yeni mexanizm tətbiq edildikdən sonra başqa şəxslərin vətəndaşın FİN kodu və parolundan istifadə edərək onun adından bağlama gətirməsi mümkün olmayacaq. Bu dəyişikliklər əsasən qaçaqmalçılığın qarşısının alınması və nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.
İqtisadçılar hesab edirlər ki, bu addım idxala məhdudiyyət qoymaq məqsədi daşımır.
İqtisadçı Asif İbrahimov XəzərXəbər-ə bildirib ki, bu addım gömrük və vergi sistemində maliyyə nəzarətinin gücləndirilməsinə xidmət edir:
“Yeni qaydalar idxal əməliyyatlarını fərdiləşdirəcək, bütün proseslər konkret şəxslə əlaqələndiriləcək və gələcəkdə qanun pozuntusu hallarında inzibati məsuliyyətin tətbiqini asanlaşdıracaq”.
Ekspertlər eyni zamanda vurğulayırlar ki, əgər gömrük və vergi bəyannamələrinin tərtibi ASAN İmza və SİMA vasitəsilə həyata keçiriləcəksə, proses maksimum dərəcədə sadələşdirilməlidir. Vətəndaşın bir və ya iki kliklə gömrük rəsmiləşdirilməsini həyata keçirə bilməsi vacibdir.
Dövlət Gömrük Komitəsi isə qeyd olunan tarixdən sonra çətinlik yaşanmaması üçün vətəndaşlara ASAN İmza və ya SİMA elektron imzasını əvvəlcədən əldə etməyi tövsiyə edir.