Bekhem Ronaldonu "İnter Mayami"yə gətirmək istəyir
ABŞ-nin "İnter Mayami" klubu portuqaliyalı futbolçu Kriştiano Ronaldonu argentinalı Lionel Messi ilə bir komandada oynamaq üçün transfer etməyi düşünür.
Operativ Media xəbər verir ki, bu haqda "Fichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ klubu beşqat "Qızıl top" mükafatçısı olan futbolçunun "Əl-Nəsr"də oynamağa davam etməsi ilə bağlı vəziyyəti yaxından izləyir. Səudiyyə klubunun hücumçunu saxlamaq istəyinə baxmayaraq, son hadisələr transferə təsir göstərə bilər. Daha əvvəl xəbər verildiyi kimi, Ronaldo Səudiyyə Ərəbistanı Liqasından narazıdır.
Ronaldonun yüksək müqaviləsi və maliyyə şərtləri transferə ciddi maneələr yaradır. Buna baxmayaraq, "İnter Mayami"nin marağı klubun qlobal səhnədə qalmaq və MLS-in rəqabət qabiliyyətini artırmaq ambisiyalarını təsdiqləyir.
İngiltərə millisinin keçmiş oyunçusu və "İnter Mayami"nin həmtəsisçisi Devid Bekhem dövrümüzün ən böyük iki oyunçusunu birləşdirməyi xəyal edir. O, futbola qlobal bir tamaşa kimi baxır və bu transferi klubun iddialı layihəsinin tamamlanması kimi görür. Əməliyyat olduqca mürəkkəb olsa da, Bekhem ümidini qoruyur və bütün variantları nəzərdən keçirir.