ABŞ vitse-prezidentinin Bakıya səfəri: Azərbaycan–ABŞ strateji tərəfdaşlığında yeni mərhələ - ŞƏRH
Operativ Media
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrini əhatə edən gündəliklə Bakıya səfər edir. Xüsusilə nəzərə alsaq ki, sonuncu dəfə Birləşmiş Ştatların vitse-prezidenti səviyyəsində Azərbaycana səfər 18 il əvvəl, 2008-ci ilin sentyabrında baş tutmuşdu.
Operativ Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, bu səfəri Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında ötən ilin avqustunda Vaşinqtonda, cari ilin yanvarında isə Davosda aparılan siyasi dialoqun davamı kimi qiymətləndirmək olar.
Deputat bildirib ki, səfər çərçivəsində sülh və sabitliyə xidmət edən layihələrin praktiki icrası üçün imkanların müzakirəsi, mövcud çağırışlar və regional reallıqlar ətrafında fikir mübadiləsi aparılması gözlənilir.
O qeyd edib ki, səfər həm də ABŞ-ın Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıq fonunda əməkdaşlıq imkanlarını genişləndirməsinə, mövcud status-kvonun üstünlüklərindən faydalanaraq sülhə və sabitliyə xidmət edən layihələri irəlilətməsinə xidmət edir.
R.Nəbiyev vurğulayıb ki, bu səfər eyni zamanda Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün nəzərdə tutulan altı aylıq müddətin başa çatdığı vaxta təsadüf edir. Onun sözlərinə görə, ABŞ-nin həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiyaya yönəlik strategiyasında Azərbaycan mərkəzi mövqedə dayanır.
Xüsusilə Mərkəzi Asiyadan qiymətli metalların və faydalı qazıntıların dünya bazarlarına, o cümlədən ABŞ-yə çıxarılmasında Azərbaycanın əlverişli coğrafi mövqeyi və yaratdığı nəqliyyat-logistika infrastrukturu mühüm rol oynayır. O bildirib ki, Azərbaycan Orta Dəhlizin əsas və vacib seqmentlərindən biridir.
Xüsusilə Mərkəzi Asiyadan qiymətli metalların və faydalı qazıntıların dünya bazarlarına, o cümlədən ABŞ-yə çıxarılmasında Azərbaycanın əlverişli coğrafi mövqeyi və yaratdığı nəqliyyat-logistika infrastrukturu mühüm rol oynayır. O bildirib ki, Azərbaycan Orta Dəhlizin əsas və vacib seqmentlərindən biridir.
Deputat həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar regiona, xüsusilə də Azərbaycana münasibətdə ardıcıl və prinsipial xarici siyasət kursu həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıq və yeni status-kvo, eləcə də bu üstünlüklərə əsaslanan əməkdaşlıq planları ön plandadır.
R.Nəbiyev əlavə edib ki, Prezident İlham Əliyevin sülh gündəliyinin Prezident Donald Tramp tərəfindən müxtəlif beynəlxalq siyasi platformalarda yüksək qiymətləndirilməsi və iki lider arasında formalaşmış etibarlı şəxsi münasibətlər Azərbaycan–ABŞ siyasi münasibətlərinin uğurla inkişafını şərtləndirən mühüm amillərdəndir.
