Rafinya Lamin Yamalın gündəlik vərdişlərindəki problemi açıqlayıb
“Barselona”nın braziliyalı yarımmüdafiəçisi Rafinya komanda yoldaşı Lamin Yamalın gündəlik vərdişləri barədə danışaraq gənclər arasında geniş yayılmış bir problemi diqqətə çatdırıb. Onun sözlərinə görə, Yamal telefonda çox vaxt keçirir və bu da yuxu rejiminə təsir göstərir.
Operativ Media xəbər verir ki, Rafinya "Sofascore" nəşrinə verdiyi müsahibədə bildirib ki, 17 yaşlı futbolçu səhər məşqlərinə tez-tez yuxulu halda gəlir.
“Yaşını nəzərə alsaq, telefonda çox vaxt keçirməsi normaldır. Lakin Yamal səhərlər həmişə yuxulu olur. Düşünürəm ki, gec yatır. Bu, əyləncəyə görə deyil, telefona görədir. O, əsəbi deyil, sadəcə sakit olur — oyandıqdan sonra ilk saat ərzində demək olar ki, danışmır”, — deyə Rafinya qeyd edib.
Qeyd edək ki, Yamal bu mövsüm Kataloniya təmsilçisinin heyətində 30 oyunda iştirak edib, 15 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.