"Şamaxı" - "Qarabağ" matçı keçiriləcək? - YENİLƏNİB
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyunu təxirə salına bilər. Hazırda Şamaxıya yağan güclü qar matçın oynanılmasını sualı altına alır.
"Şamaxı" klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov Operativ Media-ya açıqlamasında oyunun böyük ehtimalla baş tutacağını bildirib.
"Hazırda təmizlik işləri aparılır. Oyun saatına kimi stadion hazır olacaq. Təbii ki, hər hansı fors-major hal baş verməsə oyun təyin olunan vaxtda baş tutacaq. Hazırda qar yağışı davam etsə də, stadionun təmizlənməsi də paralel olaraq aparılır".
PFL rəsmisi Sənan Abdullayev saytımıza açıqlamasında əsasnaməyə uyğun olaraq addımlar atılacağını qeyd edib.
“Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əlbəttə ki, əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq”.
Qeyd edək ki, matç saat 14:30-da start götürməlidir.