Vensin Azərbaycana tarixi səfəri: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələdə - ŞƏRH
Ayşən Sadıxzadə
ABŞ və Azərbaycan arasında imzalanmış Xartiya ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyur. Əgər Vensin Ermənistana səfəri Ermənistanı Rusiyanın iqtisadi dominantlığından uzaqlaşdırmaq səylərinin davamı kimi qiymətləndirilirdisə, Azərbaycanla bağlı gündəlik isə regionumuzun nəqliyyat, enerji və informasiya dəhlizləri üzrə gələcək baxışını əks etdirir.
Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Nigar Arpadarai bildirib.
“Xartiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, 907-ci düzəlişin texniki baxımdan hələ də ləğv edilmədiyi şəraitdə xüsusilə maraqlıdır. Görünür, ABŞ administrasiyası hesab edir ki, həmin düzəliş artıq əvvəlki aktuallığını itirib.
ABŞ Orta Dəhlizin əhəmiyyətini bir daha təsdiqləyir. Üstəlik, bu anlayışı interkonnektorlar da daxil olmaqla bütün kommunikasiya xətlərini əhatə edən geniş çərçivədə təqdim edir. Xartiyanın mətnində konkret hansı interkonnektorların nəzərdə tutulduğu açıqlanmasa da, ehtimal etmək olar ki, burada Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın boru kəməri infrastrukturunun əlaqələndirilməsi də nəzərdə tutulur.
Bu isə təəccüblü deyil. Çünki TRİPP dəhlizi yalnız regional dəhlizlər kontekstində iqtisadi məna kəsb edir və həmin dəhlizlər sistemində mərkəzi mövqeyi məhz Azərbaycan tutur".
