Region üçün yeni reallıq: Bakı–Vaşinqton əməkdaşlığı dərinləşir - ŞƏRH
“ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə yüksəldəcək. Vensin səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu isə o deməkdir ki, Azərbaycan dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaş oldu”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, dövlət başçısı ilə görüşdə Vens ABŞ-ın əvvəlki administrasiyası dövründə Azərbaycanla bağlı yanlış siyasət aparıldığını qeyd edib və bundan sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanacağını vurğulayıb:
“O həmçinin qarşıdakı üç il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində daha çox iş görməkdə maraqlı olduqlarını bildirib. Səfər çərçivəsində dövlət başçımızla keçirilən görüşlərdə dialoq çox səmimi və dostcasına şəraitdə baş tutdu. Bu, eyni zamanda Tramp administrasiyasının Azərbaycana dost münasibətinin göstəricisidir.
Prezident İlham Əliyev peşəkarcasına münasibətlər qurmaq bacarığına malik böyük liderdir. Hətta mətbuat konfransında Vens bunu bir daha etiraf edərək İlham Əliyevin Trampdan sonra türklərlə və israillilərlə dost münasibətlər quran dünyada yeganə lider olduğunu bildirdi.
İmzalanmış Strateji Tərəfdaşlıq sənədində əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətləri ətraflı şəkildə qeyd olunub. Bununla yanaşı, Vensin regionumuza səfəri Zəngəzur dəhlizinin tərkib hissəsi olan TRIPP layihəsinin icrasını qaçılmaz etdi və bölgəmizə davamlı sülh və əməkdaşlığın gəlməsinə yeni impuls verdi”.
