Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldırdı – Deputat
“Müstəqilliyimizin tarixində ikinci dəfədir ki, ABŞ-ın ikinci ən yüksək vəzifəli şəxsi Azərbaycana səfər edir. 2008-ci ildə həmin dövrün vitse-prezidenti ölkəmizə gəlmişdi. Aradan 18 il keçdikdən sonra isə hazırkı vitse-prezident Vens Azərbaycana səfər edib”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, bu iki səfər arasında ciddi fərq var:
“Son səfər ABŞ–Azərbaycan münasibətlərini daha yüksək mərhələyə daşıdı. Əslində, ABŞ-ın digər tərəfdaş ölkələrlə tətbiq etdiyi ən yüksək əməkdaşlıq prinsipləri artıq Azərbaycana da şamil olundu. Tərəflər arasında strateji tərəfdaşlıq sazişi imzalandı.
Bu saziş əməkdaşlığın bütün sahələrini əhatə edir və birgə fəaliyyət üçün geniş imkanlar yaradır. Sənəd həmçinin göstərir ki, tərəflər dünya məsələlərinə oxşar baxışa malikdir və qlobal problemlərə qarşı birgə hərəkət etməyin vacibliyini qəbul edirlər. Açıq şəkildə təqdim olunan saziş təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini də özündə əks etdirir.
Görünən odur ki, hazırkı administrasiya əvvəlki rəhbərliyin Azərbaycana münasibətdə yol verdiyi ədalətsizlikləri aradan qaldırmağa çalışır. ABŞ Azərbaycanın təkcə regionda deyil, dünyada da nüfuzlu ölkələrdən birinə çevrildiyini görür və buna uyğun münasibət sərgiləyir.
Hesab edirəm ki, bu münasibətlər beynəlxalq müstəvidə daha ədalətli yanaşmanın formalaşmasına da töhfə verə bilər. Səfər uğurla başa çatdı, dünya mətbuatı bu hadisəni geniş işıqlandırdı. Azərbaycan cəmiyyəti isə aparıcı dünya güclərindən birinin yüksək səviyyəli nümayəndəsinin səfərini ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirdi”.
