WUF13 Könüllülük Proqramında müsahibəni uğurla keçənlər üçün ümumi təlimlər keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrə müsahibə mərhələsini uğurla tamamlamış namizədlər üçün 16 fevral – 13 mart tarixlərində ümumi təlimlərin keçirilməsi planlaşdırılır.
Operativ Media xəbər verir ki, təlim proqramı üç əsas istiqaməti əhatə edəcək: ümumi məlumatlandırma, vəzifə bölgüsü və məkan üzrə hazırlıq.
Bu mərhələ könüllülərin tədbir müddətində öhdəliklərini səmərəli və peşəkar şəkildə icra etmələrinə zəmin yaradacaq. Təlim proqramını müvəffəqiyyətlə bitirən 2 500 könüllü Forumun müxtəlif fəaliyyət sahələrinə cəlb olunacaq.
WUF13 Könüllülük Proqramında iştirak üçün müraciət etmiş 16 000 namizəd arasından ilkin seçim turunu keçən 10 500-dən çox şəxs müsahibəyə dəvət olunmuş, onlardan 5 000-dən çoxu isə bu mərhələni uğurla yekunlaşdırmışdır.
Proqrama müraciət edənlər arasında 1 500-dən çox xarici ölkə vətəndaşı yer almışdır.