Uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısı alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir, aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Operativ Media-ya verilən məlumata görə, palma yağları ölkə ərazisinə idxal yolu ilə daxil olduğundan, bu mərhələdə tətbiq edilən gücləndirilmiş nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülür və akkreditasiya edilmiş laboratoriyalarda genişspektrli müayinələrə cəlb olunur. Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində Rusiyanın “Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb və yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkarlanmış istehsalçı müəssisə barəsində tətbiq olunmuş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb.
“Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir. AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir”, - deyə məlumatda vurğulanıb.