Menyu

Qubada “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

Operativ Media
Qubada “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Operatuv Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsi dinamik inkişaf edir, aqrar sektorda yüksək nəticələrin əldə olunmasında dövlət dəstəyi mexanizmlərinin rolu xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə işlərinin vacibliyini vurğulayan icra başçısının müavini bölgələrdə keçirilən bu cür panel müzakirələrini müsbət dəyərləndirib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, 2025-ci ildə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində 14 rayonda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Bu il də analoji tədbirlərin davam etdiriləcəyini bildirən Anar Cəfərov ilk iki müzakirənin Oğuz və Qax rayonlarında keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu format bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir. Panel müzakirələrə dəstək verən dövlət qurumlarının sayının artdığını deyən Anar Cəfərov Quba rayonunda keçirilən müzakirələrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin qatıldığını bildirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təmsil etdiyi qurum dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə Aqrar İnnovasiya Mərkəzi ilə əməkdaşlığı daha da genişləndirib. Onun sözlərinə görə, regionlarda keçirilən panel müzakirələrə sahibkarların aktiv cəlb olunmasını bu əməkdaşlığın uğurlu nəticəsi hesab etmək olar. Vüqar Zeynalov fermer və sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin və praktiki müzakirələrin əhəmiyyətini qeyd edib.

Biznes Mərkəzi Klubunun direktoru Rüfət Nadirli rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. O bildirib ki, fermer və sahibkarlara PR, media marketinq istiqamətində geniş dəstək verən Biznes Mərkəzi Klubu aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Rüfət Nadirlinin sözlərinə görə, aqrar sahənin inkişafı həm də yerli məhsulların brendləşdirilib, markalaşdırılmış şəkildə yerli və xarici bazarlara çıxarılmasını tələb edir, bölgələrdə keçirilən bu cür məlumatlandırma sessiyaları bu prosesin daha da irəli getməsini təmin edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında işğaldan azad olunmuş ərazilərdə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat verib. O qeyd edib ki, aqrar sahədə dövlətin dəstək mexanizmləri yalnız subsidiyaların verilməsi və güzəştli kreditlərin təqdim olunması ilə məhdudlaşmır. O, hazırda azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin elan edildiyini xatırladaraq, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarları bu müsabiqələrdə aktiv iştiraka çağırıb. Şöbə müdiri investisiya müsabiqələrində iştirak qaydaları, layihələrin istiqamətləri, icarə müddəti, ərizələrin təqdim olunma proseduru və investisiya layihələrində nəzərə alınmalı əsas tələblər barədə iştirakçıları ətraflı məlumatlandırıb.

Quba İş Adamları Dəstək Platforması İdarə Heyətinin sədri Cabbar Heybətov çıxışında rəhbərlik etdiyi ictimai birlikdə aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarların birləşdiyini deyib. Fermerlər arasında davamlı maarifləndimə işinin aparılmasının vacibliyini vurğulayan təşkilat sədri bu istiqamətdə görülən işlər barədə məlumat verib. O qeyd edib ki, QİAD Platforması bu cür panel müzakirələrin təşkilinə daim dəstək verməyə hazırdır.

Panel müzakirələr iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktorunun müşaviri Namiq Zeynalov Fond tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verib. O bildirib ki, kredit ayrılması üçün müraciət prosesi tam elektronlaşdırılıb və fermerlər istənilən bölgədən biznes plan və digər zəruri sənədləri Fondun ofisinə gəlmədən elektron qaydada təqdim edə bilirlər.

Panel müzakirələr çərçivəsində tərəfdaş qurumların nümayəndələri tərəfindən subsidiya, kredit, lizinq və sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət su Ehtiyatları Agentliyi, özəl maliyyə qurumlarından “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatlarının nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.

Qeyd edək ki, 2025-ci il ərzində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar və Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib. 2026-cı ildə isə ilk belə müzakirələr Oğuz və Qax rayonlarında baş tutub.

Növbəti belə panel müzakirənin sabah Qusar rayonunda keçirilməsi nəzərdə tutulur.

Fotogalereya

Əlaqəli Xəbərlər