Azərbaycanın qış kurortlarında istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR
Qış fəslinin başa çatmasına artıq az vaxt qalıb. Qar mənzərəsindən və dağ istirahətindən zövq almaq istəyənlər üçün bu günlər mövsümün son fürsətləri hesab olunur. Son illər Azərbaycanda qış turizmi həm infrastruktur, həm də turist axını baxımından ciddi inkişaf edərək artıq formalaşmış və dayanıqlı bir sahəyə çevrilib.
Bəs Azərbaycanın əsas qış kurortlarında istirahət neçəyə başa gəlir?
Şahdağ Turizm Mərkəzində (Quba) hotellərdə iki nəfər üçün bir gecəlik qonaqlama qiyməti orta hesabla 250–300 AZN civarındadır. Kanat yolu və xizək biletləri gündəlik 35–50 AZN arasında dəyişir. Uşaq biletləri 25–35 AZN-dir. Xizək avadanlığının icarəsi 25–40 AZN, təlimçi xidməti isə saatlıq 40–70 AZN təşkil edir.
İkinci böyük istiqamət olan Tufandağ Dağ-Xizək Mərkəzində (Qəbələ) iki nəfərlik bir gecəlik hotel qiyməti təxminən 220–280 AZN arasında dəyişir. Kanat yolu və xizək biletləri 35–40 AZN, uşaq biletləri 20–30 AZN aralığındadır. Avadanlıq icarəsi 25–40 AZN, təlimçi xidməti saatlıq 30–50 AZN təşkil edir.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Operativ Media-ya bildirib ki, Azərbaycanda qış turizminin əsas lokomotivi Şahdağ Turizm Mərkəzi hesab olunur:
"Ötən il ərzində burada yerləşən hotellərdə yerləşdirilmiş şəxslərin sayı 119 513 nəfər təşkil etmiş, bunun 74 805 nəfəri əcnəbilər olmuşdur. Bu, Şahdağın artıq beynəlxalq qış destinasiyası kimi möhkəmləndiyini göstərir. Mövsüm ərzində ziyarətçi axını yüz minlərlə ölçülür və əsas bazarlar Rusiya, Türkiyə və Yaxın Şərq ölkələridir.
İkinci böyük mərkəz olan Tufandağ Dağ-Xizək Mərkəzi isə Qəbələ rayonunda yerləşir. İl ərzində rayonda hotellərdə yerləşdirilmiş şəxslərin sayı 40 653 nəfər olmuşdur. Qəbələ daha çox daxili turizmə söykənsə də, xarici turistlərin payı artmaqdadır və region artıq ilboyu fəaliyyət göstərən turizm mərkəzinə çevrilmişdir".
Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında isə Şahdağ və Tufandağ istiqamətlərində doluluq səviyyəsi 90 faizdən yuxarı qeydə alınıb ki, bu da qış turizminin dayanıqlı inkişaf mərhələsinə daxil olduğunu göstərir.
Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, qış turizm zonalarında fərdi evlərin kirayə qiymətləri mövsümə və yerləşməyə görə dəyişir və hazırda günlük kirayə haqqı orta hesabla 100–250 AZN arasında dəyişir. Evin yerləşdiyi ərazi, istilik sistemi, şərait və əlavə xidmətlər qiymətə birbaşa təsir göstərir. Bayram və həftəsonu günlərində isə tariflər daha yüksək olur.
Turizm üzrə ekspert Rəhman Quliyev isə qeyd edir ki, Azərbaycan qış turizmi region ölkələri ilə müqayisədə orta qiymət seqmentində yer alır və həm yerli, həm də xarici turistlər üçün əlçatan alternativ sayılır. Onun sözlərinə görə, bir günlük xizək bileti, avadanlıq icarəsi və orta səviyyəli hotel seçimi ilə iki nəfərlik qısa qış istirahəti təxminən 300–400 AZN və daha yuxarı məbləğə başa gələ bilər. Qiymətlər isə seçilən xidmət paketindən və səfər tarixindən asılı olaraq dəyişir.

