AQTA: Epizootoloji monitorinqin nəticələri açıqlanıb
Cari ilin 2-6 fevral tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Monitorinq dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik material nümunələri götürülüb.
Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində, 17 rayonun (şəhər) ailə təsərrüfatında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.
Monitorinq müddətində götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.