Menyu

Paytaxtda ən baha və ən ucuz kirayə mənzillər hansı ərazilərdədir?

Operativ Media
Paytaxtda ən baha və ən ucuz kirayə mənzillər hansı ərazilərdədir?

Əmlak bazarında müşahidə olunan bahalaşma kirayə mənzil sektorundan da yan keçməyib. Son aylarda kirayə qiymətlərində orta hesabla 8 faizə qədər artım qeydə alınıb. Bahalaşma xüsusilə şəhərin mərkəzinə yaxın ərazilərdə daha qabarıq hiss olunur.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı XəzərXəbər-ə danışan realtor Telman Hüseynovun sözlərinə görə, kirayə qiymətlərinə təsir edən əsas amillər mənzilin yerləşdiyi ərazi, binanın tipi, təmir vəziyyəti və ətraf infrastrukturla təminatdır:

"İş yerlərinə və təhsil müəssisələrinə yaxınlıq mərkəzi rayonlarda qiymətləri artıran əsas faktorlardandır. 

Məsələn, Səbail rayonunda yeni tikililərdə aylıq kirayə haqqı 1000–1500 manat arasında dəyişir. Köhnə tikililərdə isə bu rəqəm 800–1200 manat civarındadır. Metroya, məktəblərə və digər sosial obyektlərə yaxınlıq qiymət fərqini daha da artırır.

Daha münasib qiymətlər isə paytaxtın kənar ərazilərində müşahidə olunur. Xəzər rayonunun Binə qəsəbəsində, Xətai rayonunun NZS qəsəbəsi, Hövsan qəsəbələrində kirayə mənzillərin qiyməti əsasən 250–350 manat arasında dəyişir".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə qeyd edib ki, mərkəzi və infrastrukturu inkişaf etmiş rayonlarda 1 və 2 otaqlı mənzillərin aylıq kirayəsi orta hesabla 600–1000 manat arasındadır. Yeni tikililərdə və yaxşı təmirli evlərdə bu rəqəm 1400 manata qədər yüksəlir.

Onun sözlərinə görə, ən yüksək orta kirayə qiyməti Səbail rayonunda (təxminən 1400 manat) müşahidə olunur. Ardınca Nəsimi rayonu (təxminən 1000 manat), daha sonra isə Nərimanov rayonu, Yasamal rayonu və Xətai rayonu gəlir. Bu rayonlarda əhali sıxlığı, aktiv tikinti prosesi və iş yerlərinin çoxluğu kirayə qiymətlərinin yüksək olmasına səbəb olur.

Ən ucuz kirayə mənzillər isə əsasən Pirallahı rayonu və Qaradağ rayonu kimi infrastruktur baxımından nisbətən zəif inkişaf etmiş ərazilərdədir. Bu rayonlarda bir otaqlı mənzilləri 250–300 manata tapmaq mümkündür. Tələbatın aşağı olması və əsasən istehsalat müəssisələrində çalışan region sakinlərinin bu ərazilərə üz tutması qiymətlərin aşağı qalmasına təsir edir.

Ekspertlər onu da bildirirlər ki, kirayə bazarında mövsümi dəyişikliklər müşahidə olunur. Xüsusilə payız aylarında, yeni tədris ilinin başlanması ilə tələb artır və qiymətlər yüksəlir. Yaxın dövrdə bazarın sabitləşməsi üçün yeni yaşayış komplekslərinin tikintisi və regionlara miqrasiyanın artması mühüm rol oynaya bilər.

Əlaqəli Xəbərlər