Menyu

Dəfn müavinəti hansı hallarda ödənilir? - MƏBLƏĞ

Ayşən Sadıxzadə
Dəfn müavinəti hansı hallarda ödənilir? - MƏBLƏĞ

“Dəfn üçün müavinət birdəfəlik ödəniş olub “Sosial müavinətlər haqqında” Qanunla tənzimlənir".

Bunu Operativ Media-ya açıqlamasıda hüquqşünas Xanlar Sətullayev bildirib.

Onun sözlərinə görə, həmin qanunun 4.0.2-ci maddəsinə əsasən birdəfəlik müavinətlərə aşağıdakılar aiddir:

- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

- uşağın anadan olmasına görə müavinət; dəfn üçün müavinət;

- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.

Hüquqşünas bildirib ki, sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir:

"Əlavə olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, sığortaolunanın vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir”.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 42-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir:

“Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.6-cı maddəsinə müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir. 

Sığortaolunanlar dedikdə isə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər başa düşülür.

Bundan əlavə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxslər və sığortaolnan şəxslər vəfat etdikdə, bu şəxslərin dəfn xərclərini çəkmiş şəxslərə də dəfn üçün birdəfəlik müavinət verilir.

Dəfn üçün müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Müavinət və ya pensiya alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. 

Sığortaolunanlara ödənilən dəfn üçün müavinətin məbləği 600 manat müəyyən edilmişdir. Əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında dəfn üçün müavinət təyin olunur. Azərbaycanda 2026-cı il üçün əmək pensiyasının minimum məbləği 2025-ci ilin fevralından tətbiq edilən rəqəmə uyğun olaraq 320 manat səviyyəsində saxlanıldığı üçün əmək pensiyaçılarına nisbətdə dəfn üçün müavinətin məbləği bu 2026-cı il üçün də 960 manat müəyyən olunmuşdur”.

Əlaqəli Xəbərlər