Avtomobil hansı hallarda duracağa aparıla bilər?
“Avtomobil hər hansı qayda pozuntusuna görə avtomatik olaraq cərimə meydançasına aparılmır. Əsas məsələ yaranmış vəziyyətin yol hərəkətinə təhlükə yaradıb-yaratmamasıdır. Əgər pozuntu təhlükə törətmirsə və yol hərəkətinə maneə olmursa, nəqliyyat vasitəsinin dərhal duracağa aparılması düzgün hesab edilmir”.
Bu barədə Operativ Media-ya nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb.
O bildirib ki, aşağıdakı hallarda avtomobil cərimə meydançasına yerləşdirilə bilər:
“Məsələn, sürücünün idarəetmə hüququ yoxdursa, sürücülük vəsiqəsi təqdim edə bilmirsə, spirtli içki və ya narkotik vasitələrin təsiri altındadırsa, nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı olmadan idarə olunursa, avtomobildə ciddi texniki nasazlıq varsa və bu nasazlıq yolda təhlükə yaradırsa – bu hallarda avtomobil duracağa aparıla bilər.
Eyni zamanda, nəqliyyat vasitəsi dayanma və durmanın qadağan edildiyi yerlərdə – məsələn, tuneldə, körpü üzərində və ya yol hərəkətinə maneə yaradacaq formada saxlanılıbsa həmin avtomobil də cərimə meydançasına yerləşdirilə bilər.
Bundan başqa, sürücü törətdiyi inzibati xətaya görə tətbiq olunan cəriməni müəyyən olunmuş müddətdə ödəməzsə, müvafiq sərəncam əsasında avtomobil duracağa aparıla bilər.
Ancaq qayda pozuntusu yerində aradan qaldırıla bilirsə, ilkin olaraq sürücüyə bunu etmək imkanı verilməlidir. Yalnız bu mümkün olmadıqda avtomobilin aparılması məsələsi gündəmə gələ bilər.
Avtomobil duracağa aparılarkən yol patrul xidməti əməkdaşı mütləq protokol tərtib etməli və onu sürücüyə təqdim etməlidir. Protokolda sürücünün hansı tarixdə və yol hərəkəti qaydalarının hansı maddəsini pozduğu açıq şəkildə göstərilməlidir”.
