Kürdəmirdə yerləşən heyvan bazarı açılıb - VİDEO
Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Dafne Agro” MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib.
Operativ Media xəbər verir ki, bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb.
Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Bundan öncə Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz, və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır.
Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.