Menyu

Uşağın qəyyumluğu: məhkəmə hansı meyarlara baxır?

Ayşən Sadıxzadə
Uşağın qəyyumluğu: məhkəmə hansı meyarlara baxır?

“Məhkəmə təcrübəsində və beynəlxalq sənədlərdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyaya əsasən, əsas meyar valideynin kim olması deyil, uşağın mənafeyidir. Yəni qərar “ana üstünlükdür” prinsipi ilə deyil, “uşağın ali maraqları” prinsipi ilə verilir”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında vəkil İsrafil Əlili bildirib.

Onun sözlərinə görə, praktikada azyaşlı uşaqların ananın yanında qalması daha çox müşahidə olunur:

“Bunun səbəbi hüquqşünasların subyektiv yanaşması deyil. Məhkəmələr adətən psixoloq və digər mütəxəssislərin rəylərinə istinad edirlər. Rəylərdə göstərilir ki, xüsusilə erkən yaş dövründə uşaq ana ilə daha sıx emosional bağa malik olur və bu, onun psixoloji inkişafı üçün vacib hesab edilir.

Lakin bu, dəyişməz qayda deyil.

Əgər məhkəmə müəyyən etsə ki, uşağın atanın yanında qalması onun maraqlarına daha uyğundur, həmin halda uşaq ataya verilə bilər. Bu qərar konkret faktlara, yaşayış şəraitinə və valideynlərin davranışına əsaslanır.

Uşağın yaşı da mühüm rol oynayır. 7 yaşdan yuxarı uşağın fikri nəzərə alına bilər, 10 yaşdan sonra isə onun mövqeyi mütləq nəzərə alınmalıdır.

Əgər uşaq, məsələn, “mən atamın yanında qalmaq istəyirəm” deyirsə, qarşı tərəf bu istəyin təsir altında formalaşıb-formalaşmadığını müəyyən etmək üçün psixoloji ekspertiza tələb edə bilər. Ekspertiza adətən iki əsas məqamı araşdırır:

1. Uşağın hansı valideynə emosional bağlılığının daha güclü olması;

2. Seçim zamanı təzyiq, manipulyasiya və ya yönləndirmənin olub-olmaması.

Bəzi hallarda uşaq ataya verilə bilər. Məsələn, anada ciddi psixoloji problemlər olduqda, narkotik asılılıq mövcud olduqda, uşağa qarşı zorakılıq və ya cinayət faktı müəyyən edildikdə.

Cəmiyyətdə geniş yayılmış miflərdən biri də budur ki, qadın ərinə xəyanət edərsə, uşaq avtomatik olaraq ataya verilir. Bu, doğru deyil. Xəyanət faktı öz-özlüyündə uşağın kimdə qalmasını müəyyən edən əsas amil deyil. Yenə də əsas meyar uşağın maraqları və təhlükəsizliyidir”.

Əlaqəli Xəbərlər