Sürücülük təlimində qəza baş verərsə, günah kimdə olur? - AÇIQLAMA
Sürücülük təlimi zamanı baş verən yol-nəqliyyat hadisələri tez-tez mübahisə doğurur: məsuliyyət müdavimin, yoxsa təlimatçının üzərinə düşür?
Mövzu ilə bağlı Operativ Media-ya vəkil Səma Əhmədova açıqlama verib.
O bildirib ki, Ali Məhkəmənin mövqeyinə əsasən, əgər təlim avtomobili ikitərəfli idarəetmə qurğusuna malikdirsə – yəni həm təlimatçı, həm də sürücü avtomobili idarə edə bilirsə – yol hərəkəti qaydalarının pozulmasına görə əsas məsuliyyət təlimatçının üzərinə düşür:
“Çünki təlimatçı avtomobil üzərində nəzarət imkanına malikdir və qayda pozuntusunun qarşısını ala bilər.
Lakin əgər sürücü təlimatçının göstərişlərinə əməl etmirsə, məsuliyyət birbaşa avtomobili idarə edən şəxsin üzərinə keçir. Başqa sözlə, təlimatçı xəbərdarlıq edib, sürücü buna məhəl qoymayıbsa, pozuntunun nəticələrinə görə cavabdeh əsasən sürücü olur.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan müdavim özbaşına, təlimatçının müşaiyəti olmadan və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduqda CM-nin 263-1-ci maddəsi ilə, bütün digər hallarda isə CM-nin 263-cü maddəsi ilə məsuliyyət daşıyır.
Bundan əlavə, əgər təlimatçı və sürücü birlikdə yol hərəkəti qaydalarını pozursa – məsələn, spirtli vəziyyətdə avtomobili idarə edirlərsə – yol-nəqliyyat hadisəsinin nəticələrindən asılı olaraq hər ikisi inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Məsuliyyət onların hər ikisinin hərəkətləri nəzərə alınmaqla müəyyən olunur”.
