Menyu

Qobu qəsəbəsində işıqlandırma problemi yaxın həftələrdə həll olunacaq - AÇIQLAMA

Ayşən Sadıxzadə
Qobu qəsəbəsində işıqlandırma problemi yaxın həftələrdə həll olunacaq - AÇIQLAMA

Abşeron rayonunun Qobu qəsəbəsi, Koroğlu küçəsi ərazisində sakinlər gecə saatlarında yolun tamamilə qaranlıq olmasından narazılıq edirlər. Məhlədaxili yolun işıqsız olması ərazidə təhlükəsizlik probleminin yaranmasına səbəb olub.

Vətəndaşlar Operativ Media-ya bildiriblər ki, küçədə işıq dirəkləri mövcud olsa da, işıqlar yanmır. Yol yalnız yaxınlıqdakı mağazaların və ya nadir hallarda keçən avtomobillərin işığı ilə qismən işıqlanır. Sakinlər axşam və səhər saatlarında fanardan istifadə edərək hərəkət etmək məcburiyyətində qalırlar.

Abşeron Rayon İcra Hakimiyyətindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qobu qəsəbəsi ərazisində küçə işıqlandırma sistemi ilə bağlı vətəndaşın müraciəti araşdırılıb:

“2021–2023-cü illərdə “Bakı Abadlıq” MMC Abşeron rayonu ərazisində 108 küçədə, ümumilikdə 4 937 ədəd işıq dirəyi quraşdırıb. Ötən il MMC küçə işıqlarının balansa qəbul edilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edib. Hal-hazırda müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış sərəncam layihəsinin hazırlanması prosesi aparılır. Küçə işıqlandırma sistemləri sərəncamla təhvil verildikdən sonra, Abşeron Rayon İcra Hakimiyyətinə ayrılacaq vəsait hesabına işıqlandırmanın bərpasına başlanacaq.”

Məlumatda qeyd olunur ki, artıq bir neçə ərazidə gecə işıqlanması təmin olunub və işlər mərhələli şəkildə həyata keçirilir. Qobu qəsəbəsində isə növbəti həftə cari təmir işlərinin başa çatması və gecə işıqlanmasının bərpa olunması planlaşdırılır.

Əlaqəli Xəbərlər