Menyu

Qazaxıstan Azərbaycanın gəmi hərəkətinin uzaqdan tanınma və izlənməsi təcrübəsini öyrənir

Operativ Media
Qazaxıstan Azərbaycanın gəmi hərəkətinin uzaqdan tanınma və izlənməsi təcrübəsini öyrənir

Qazaxıstan gəmilərin hərəkətinin uzaq məsafədən tanınma və izlənmə sistemi ilə bağlı Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir.

Operativ Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə (DDLA) istinadən xəbər verir ki, bu barədə müzakirələr Agentlikdə Qazaxıstanın Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Qasım Tlepovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Qonaqlar həmçinin axtarış-xilasetmə üzrə məlumat toplanması prosesinin təşkili, gəmilərin hərəkətinin idarə olunması və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmini ilə bağlı Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini ifadə ediblər.

Əvvəlcə DDLA-nın fəaliyyətinə dair təqdimat olub. Agentliyin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov ölkələrimiz arasında nəqliyyat sahəsində əlaqələrin inkişafından danışıb.

Qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hər iki dövlətin əməkdaşlığının genişlənməsinə, Şərqlə Qərb arasında əlaqələndirici rol oynamasına imkan yaradır.

Qazaxıstanın Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Qasım Tlepov Orta Dəhliz çərçivəsində əməkdaşlıq və dəniz nəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələləri xüsusilə vurğulayıb. Bildirib ki, Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malik dövlətlərdir. Orta Dəhlizin inkişafında ölkələrimizin rolu və fəaliyyəti böyükdür.

Görüşdə dənizçi sənədlərinin rəqəmsal idarə olunması üçün istifadəyə verilən "My Cabinet" platforması, vahid informasiya sistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialının gücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrası, dəniz limanlarının fəaliyyətinin dövlət tənzimlənməsi, dənizdə, gəmilərdə baş vermiş qəzalar, liman dövlət yoxlamaları, təsnifat cəmiyyətlərinin fəaliyyəti, gəmilərin dənizi çirkləndirməsinin qarşısının alınmasına dair məsələlər müzakirə olunub.

Sonda Qazaxıstanın nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Əlaqəli Xəbərlər