Menyu

Aqrar Xidmətlər Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Operativ Media
Aqrar Xidmətlər Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Operativ Media-ya bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Memorandumun imzalanma mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev əməkdaşlığın aqrar sektorun davamlı inkişafına, insan kapitalının daha da möhkəmlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, müasir aqrar texnologiyaların tətbiqi və istehsalatla təhsilin inteqrasiyası, peşə təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəldəcək və bu əməkdaşlıq innovativ yanaşmaların genişlənməsinə, eləcə də dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.

Memorandumu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı imzalayıblar.

Sənədin imzalanmasında əsas məqsəd aqrar sahədə peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasına nail olmaq, peşə təhsilini aqrar sahənin real ehtiyaclarına uyğunlaşdırmaq, eləcə də regionlarda dayanıqlı inkişafı dəstəkləməklə peşəkar kadr hazırlığını gücləndirməkdir.

Memoranduma əsasən, tərəflər aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Həmçinin peşə təhsili müəssisələrinin tələbələrinin laboratoriya, baytarlıq, bitki mühafizəsi və kənd təsərrüfatı texnikası sahələrində praktiki bilik və bacarıqlar əldə etməsi üçün müvafiq şərait yaradılacaq.

Eyni zamanda, aqrar texnologiyaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir yanaşmaların təşviqi və sahə üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.

Qeyd edək ki, əməkdaşlıq aqrar sahədə peşə təhsilinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə sektorun inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər