Açıq satılan quru meyvə və çərəzlər risklidirmi? - AÇIQLAMA
Ayşən Sadıxzadə
“Yuyulmadan yeyilən quru meyvələr və çərəzləri təhlükəsiz hesab etmək doğru deyil. Risk məhsulun harada və necə istehsal olunmasından, saxlanma və qablaşdırılma şəraitindən asılıdır”.
Bu fikirləri Operativ Media-ya açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
Ekspertin sözlərinə görə, yuyulmadan yeyilən quru meyvələrdə bir sıra risklər mövcud ola bilər: "Açıq şəkildə satılan quru meyvələr daşınma və satış zamanı toz, mikroorqanizm və digər çirkləri toplaya bilər. Xüsusilə ərik və kişmiş kimi məhsullarda rəngi qorumaq üçün istifadə olunan kükürd dioksid (E220) həssas insanlarda allergik reaksiya və ya baş ağrısına səbəb ola bilər. Qoz-fındıq və yerfıstığında düzgün saxlanma şəraiti olmadıqda kif göbələkləri və aflatoksin yaranma riski artır. Sertifikatsız və ya yaxşı yuyulmamış məhsullarda pestisid qalıqları da ola bilər.Quru meyvələr su ilə təmasda yumşalır və müəyyən qədər vitamin itkisi baş verə bilər. Lakin gigiyena baxımından onları yumaq daha məqsədəuyğundur. Bunun üçün quru meyvələri axar su altında 30–60 saniyə yumaq, daha sonra ilıq suda 5–10 dəqiqə saxlamaq və sonda yenidən axar sudan keçirərək süzgəcdə qurulamaq tövsiyə olunur.
Çərəzlərə gəldikdə isə, onlar suya uzun müddət salındıqda kif riski arta bilər. Qabıqda olan çərəzləri qabığını qırdıqdan sonra birbaşa istehlak etmək kifayətdir. Qabığı soyulmuş çərəzlər qısa müddət axar sudan keçirilə bilər, lakin mütləq yaxşı qurudulmalıdır. Otaq temperaturunda və ya 100 dərəcə sobada 10–15 dəqiqə yüngül qurudaraq bunu etmək mümkündür. 100–120 dərəcə temperaturda sobada 10–15 dəqiqə qızdırmaq mikrobioloji riski azalda bilər.
Açıq satılan məhsulların yuyulması daha məqsədəuyğundur. Qablaşdırılmış və etibarlı istehsalçı məhsullarında risk nisbətən aşağı olur. Xüsusilə hamilə qadınlar, uşaqlar və immun sistemi zəif olan şəxslər üçün yuma və düzgün qurudulma daha vacib sayılır.
Çərəzləri yuduqdan sonra mütləq tam qurudulmasına diqqət yetirilməlidir".