Bulvarın bəzi ərazilərində qazıntı işləri aparılacaq
Bakı şəhərində tullantı sularının təhlükəsiz şəkildə daşınması, mövcud kanalizasiya sisteminin təkmilləşdirilməsi və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılması işləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Sahil kollektorunun da yenilənməsi işləri həyata keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində kollektorun Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində bir neçə nöqtədə qazıntı işlərinin aparılması nəzərdə tutulur. Qazıntı işləri bulvar ərazisində ziyarətçilərin hərəkətinə və Milli Parkın fəaliyyətinə maneə törətməyən nöqtələrdə aparılacaq.
Kollektor paytaxtın mərkəzində formalaşan tullantı sularının səmərəli idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.