Deputat: İranın dron hücumu Azərbaycanın suverenliyinə müdaxilə cəhdidir
“İranın müəyyən dairələri tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mülki infrastruktura qarşı edilən dron zərbəsinin beynəlxalq hüquqda adı "güc tətbiqi"dir. Güc tətbiqi isə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2.4 maddəsinin birbaşa pozulması deməkdir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, belə ki, BMT Nizamnaməsinin 2.4 maddəsində təsbit olunur ki, dövlətlər başqa dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq edə bilməzlər və güc tətbiqi ilə hədələmək də beynəlxalq hüquqda qadağandır:
“Bu baxımdan baş verən hadisə Azərbaycanın suverenliyinə müdaxilə kimi qiymətləndirilə bilər. Dediyim kimi, bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Məsələ ilə bağlı İran tərəfindən dərhal üzrxahlıq edilməli və məsul şəxslərin məsuliyyəti ilə bağlı açıqlama verilməlidir. Çünki hazırkı şəraitdə atılan addımlar birmənalı şəkildə beynəlxalq hüququn pozulması və Azərbaycanın suverenliyinə qarşı müdaxilə cəhdidir.
Məsələnin digər tərəfi isə siyasi məqamdır. İrandakı müəyyən dairələrin bu addımı nankorluq kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycan dövləti hər zaman ikitərəfli xoş qonşuluq münasibətlərinə sadiq olub və bu münasibətlərin inkişafı üçün bütün mümkün resurslarından istifadə edib.
Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi İran əleyhinə istifadə olunmayacaq və bu, həm hava məkanı, həm də quru ərazisi üçün keçərlidir. Azərbaycan bu mövqeyinə hər zaman sadiq qalıb. Bu, ötən il 12 günlük müharibə dövründə də belə olub, indi də belədir.
Buna görə İran tərəfindən bu məsələ ilə bağlı təcili açıqlama verilməsini və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyirik. Əks təqdirdə bu müdaxilə İranın dövlət kimi məsuliyyətini yaradacaq".
