"İranın Naxçıvana hücum etməsi qəbuledilməzdir" – Millət vəkili
“Regionda baş verən hadisələr fonunda təhlükəsizlik məsələləri yenidən ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn hər hansı addım beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunur və bu cür hadisələr regionda sabitliyə ciddi təhdid yaradır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, belə bir həssas dövrdə Azərbaycanın İranla münasibətlərinin hər zaman ehtiyatla və qarşılıqlı hörmət prinsipləri əsasında qorunduğu bir şəraitdə Naxçıvan Beynəlxalq Hava Limanına dronla hücum edilməsi qəti şəkildə yol verilməz hesab olunur:
“Bu məsələ ilə bağlı İran tərəfinin baş verən hadisəyə aydınlıq gətirməsi və belə halların bir daha təkrarlanmayacağı ilə bağlı konkret mövqe ortaya qoyması vacibdir. Regionda sabitliyin qorunması və dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində davam etməsi üçün bu cür addımların qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, rəsmi strukturların açıqlamalarında Azərbaycanın öz suveren hüquqlarını qorumaq hüququnu özündə saxladığı məqamının da nəzərə alınmasını istərdik. Bu, beynəlxalq hüququn tanıdığı legitim hüquqdur və hər bir dövlət kimi Azərbaycan da öz təhlükəsizliyini təmin etmək məsuliyyətinə malikdir.
Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq gücündə olan dövlətdir və bu fakt hər kəs tərəfindən nəzərə alınmalıdır. Regionda sülhün və sabitliyin qorunması isə yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquq normalarına riayət olunması ilə mümkündür”.