Menyu

Nigar Arpadarai: “Azərbaycan hər zaman İrana təhlükəsiz qonşu olub”

Ayşən Sadıxzadə
Nigar Arpadarai: “Azərbaycan hər zaman İrana təhlükəsiz qonşu olub”

“Azərbaycan və İran arasında münasibətlər dünyanın ən mürəkkəb geosiyasi münasibətlərindəndir və tarixi, coğrafi və demoqrafik amillərlə sıx şəkildə bağlıdır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Nigar Arpadarai deyib:

"Gülüstan və Türkmənçay müqavilələri vahid regionu və xalqı faktiki olaraq üç hissəyə bölmüşdür. Rusiya imperiyasının tərkibində erməni vilayəti yaradıldı və zaman keçdikcə həmin ərazilərdən azərbaycanlı əhali mərhələli şəkildə sıxışdırılıb çıxarıldı. Araz çayı isə bir xalqın bölünməsinin rəmzinə çevrildi.

Bununla belə, münasibətlərin bütün mürəkkəbliyinə baxmayaraq, son dövr ərzində belə bir təəsürat var idi ki, Azərbaycan və İran yaranan problemləri müəyyən şəkildə həll etməyə çalışırlar. Sanki hər iki tərəf anlayırdı ki, ölkələr mümkün olan vasitələrlə qarşıdurmadan qaçmalı və qarşılıqlı faydalı layihələr həyata keçirməlidirlər.

Eyni zamanda Azərbaycanda yaxşı bilirlər ki, bu illər ərzində cənub qonşumuzun müxtəlif strukturları pərdəarxası üsullarla dövlətimizin və cəmiyyətimizin inkişafına mane olmağa çalışıblar. Həmin qurumlar uzun müddət Qarabağdakı erməni işğalçılarına dəstək olublar, halbuki rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirdilər. Bunun əksinə olaraq, Azərbaycan heç vaxt belə fəaliyyət həyata keçirməyib.

Lakin bu gün İran tərəfindən strateji əhəmiyyətə malik obyektə – Naxçıvan hava limanına birbaşa hücum baş verib. Ardınca məktəbə edilən hücum isə açıq mesajdır ki, ilk dron hadisəsi təsadüfi olmayıb və biz planlaşdırılmış əməliyyatla qarşı-qarşıyayıq.

Şübhəsiz ki, indi baş verənlərlə bağlı müxtəlif versiyalar səsləndiriləcək. Kimlərsə simpatiya və ya antipatiyalarına uyğun olaraq və ya sifarişlə, bunun təsadüf olduğunu, ayrı-ayrı iranlı komandirlərin özbaşına hərəkəti olduğunu və ya üçüncü tərəfin təxribatı olduğunu iddia edəcəklər.

Lakin dövlətlərarası münasibətlərin qurulduğu sadə bir prinsip var: hər bir dövlət öz ərazisindən qonşulara qarşı birbaşa və ya dolayı təhlükələrin yaranmamasını bütün mümkün vasitələrlə təmin etməlidir. Qonşu ölkələrin ərazisindən hədəfli döyüş sursatları uçub gəlməməlidir. Hər bir dövlət öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır. Suverenlik prinsipinin mahiyyəti də məhz budur.

Bu isə o deməkdir ki, baş verənlərə görə siyasi və hüquqi məsuliyyət İran hökuməti və ordusunun üzərinə düşür. Bu məsuliyyətdən isə təkcə hadisəni araşdırmaq öhdəliyi deyil, həm də araşdırmanın nəticələrini Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim etmək zərurəti doğur.

İranın bir çox digər qonşularından fərqli olaraq, Azərbaycan uzun illər təhlükəsiz və mehriban qonşu olub. Azərbaycan nə özü problem yaradıb, nə də üçüncü ölkələrin öz ərazisindən İrana qarşı fəaliyyət göstərməsinə imkan verib. Bunu isə nə ABŞ qoşunlarının yerləşdiyi Fars körfəzi ölkələri, nə də sərhədləri boyunca tez-tez silahlı qrupların hərəkət etdiyi İraq, Pakistan və Əfqanıstan barədə demək olar. Ermənistan isə öz ərazisinə Avropa “müşahidəçi” missiyasını dəvət edib. Hətta İranın Türkiyə ilə sərhədi belə, son illərdə daha yaxşı qorunsa da, həmişə tam sakit olmayıb.

Bütün bunlar göstərir ki, İranın beynəlxalq hüququn, sülh və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozması Azərbaycanı milli maraqlarımızın, müdafiə və təhlükəsizlik ehtiyaclarımızın diktə etdiyi addımlar atmağa məcbur edir.

Bununla yanaşı, ən sadə siyasi analiz də göstərir ki, İran hazırkı vəziyyətində Azərbaycanla qarşıdurmaya getmək imkanına malik deyil”.

Əlaqəli Xəbərlər