Bazar piştaxtalarındakı məhsullar nə qədər etibarlıdır?
“Bazarlar istehlakçıların həm keyfiyyət, həm də qiymət baxımından ən çox aldadıla bildiyi satış məkanlarından hesab olunur. Hətta ölkənin ən gözəl və müasir hesab edilən bazarlarından biri olan "Yaşıl Bazar"da belə bəzi problemlərlə rastlaşmaq mümkündür. Məsələn, bazarın içərisində ləpələr və müxtəlif qida məhsulları açıq şəkildə satılır”.
Bu barədə Operativ Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkə ərazisində satılan bütün ərzaq məhsulları qablaşdırılmış olmalı, üzərində buraxılma tarixi, yararlılıq müddəti və digər vacib məlumatlar göstərilməlidir:
“Lakin praktiki olaraq bazarlarda bu qaydalara hər zaman əməl olunmadığı müşahidə edilir
Ümumiyyətlə, bazarlarda satılan məhsulların bir hissəsi lazımi nəzarətdən kənarda qalır. Süd məhsulları, müxtəlif pendirlər, balıqlar və göyərti kimi məhsulların saxlanma və satış qaydaları da bəzən düzgün şəkildə təmin olunmur. Məsələn, məhsulların daha cəlbedici görünməsi üçün onların üzərinə müxtəlif maddələr vurulduğu, balıqların isə uyğun olmayan şəraitdə saxlanıldığı halları barədə iddialar səsləndirilir.
Qanunvericiliyə görə, ölkə ərazisində satılan bütün ərzaq məhsulları qida təhlükəsizliyi tələblərinə cavab verməlidir. Qida zəncirində iştirak edən istehsalçı, daşıyıcı, saxlayan, anbar sahibi və satıcıların hamısı bu sahədə nəzarətdə olmalıdır. Rəsmi sənəd və uyğunluq təsdiqi olmadan məhsulların satışına yol verilməməlidir.
Bununla belə, bəzi hallarda nəzarət mexanizmlərinin yetərli olmadığı qeyd olunur. Bildirilir ki, qida təhlükəsizliyinə nəzarət edən qurumlar qəfil yoxlamalar aparmaq imkanına malik deyil və yoxlama prosedurları uzun bürokratik mərhələlərdən keçir. Bu isə bəzən problemlərin vaxtında aşkarlanmasına mane olur.
Digər tərəfdən, bazarlarda sanitar vəziyyətlə bağlı da narahatlıqlar qalır. Gecə saatlarında həşərat və gəmiricilərin bazar ərazisində olması, bəzi məhsulların açıq qablar və plastik qablarda satılması kimi hallar hələ də tam aradan qalxmayıb. Son illər müəyyən irəliləyişlər olsa da, problemlər tam həll olunmuş sayılmır.
Ümumilikdə isə bazarlarda satılan ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət etmək əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə daxildir və bu sahədə nəzarətin daha da gücləndirilməsinə ehtiyac olduğu qeyd olunur”.
