Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsinə, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə sadələşdirilməsinə və xidmətlərin çevikliyinin artırılmasına yönəlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, həmin dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) əsasında aparılacaq və bunun üçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq.
Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədə sığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdim edilərkən həm SSN-in, həm də FİN-in ayrıca göstərilməsi tələb olunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq.
Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılmaqla, müvafiq sahədə məlumat mübadiləsi daha sürətli və dəqiq həyata keçiriləcək. İşə qəbul edilən şəxslərdən əlavə olaraq sosial sığorta nömrəsi tələb edilməyəcək, sosial sığorta sistemində inzibati prosedurlar optimallaşdırılacaq.
Həmçinin sosial sığorta sistemi ilə bağlı elektron xidmətlərin səmərəliliyi daha da artacaq, bu sahədə proseslərin daha sadə, şəffaf və operativ həyata keçirilməsi təmin ediləcək.