Menyu

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub

Operativ Media
WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub

Martın 14-də XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə bağlı media brifinq keçirilib.

Operativ Media xəbər verir ki, brifinqdə forumun tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə ətraflı məlumat təqdim olunub.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali, BMT-nin Azərbaycandakı rezident koordinatoru İqor Qarafuliç və BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa əsas məruzəçilər qismində çıxış ediblər.

WUF13-ün əsas müzakirə istiqamətlərinə toxunan UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax vurğulayıb ki, mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdeh olan nazirlər əldə olunmuş irəliləyişi müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün Bakıda WUF13-də bir araya gələcəklər.

“WUF13 daha inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq cəhdlərində mənzil təminatını əsas prioritet kimi ön plana çəkərək, siyasət müzakirələrini praktik həllərlə əlaqələndirmək üçün unikal bir platforma rolunu oynayacaq”, - deyə Anaklaudia Rossbax qeyd edib.

WUF13-ün milli koordinatoru Anar Quliyev 2026-cı il mayın 17-22-də Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13 tədbirinin təşkili ilə bağlı görülən hazırlıq işləri və əldə olunan irəliləyişlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanın zəngin tarixi irsi ilə müasir inkişaf dinamikasını, həmçinin ölkəmizin yüksək qonaqpərvərliyini və güclü təşkilatçılıq imkanlarını bir araya gətirərək, WUF13 tədbiri Ümumdünya Şəhərsalma Forumunun nüfuzunun və qlobal təsirinin daha da güclənməsi üçün yeni imkanlar yaradacaq.

“Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda Liderlərin Zirvə Görüşü keçiriləcək. Azərbaycan Hökumətinin təşəbbüsü ilə təşkil olunan bu görüş dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, eləcə də yüksəksəviyyəli liderləri Bakıda bir araya gətirəcək.

Zirvə Görüşü şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək məqsədi daşıyır. Bu təşəbbüslər bir daha göstərir ki, mənzil təminatı və şəhərsalma artıq yalnız texniki məsələ deyil, qlobal səviyyədə strateji əhəmiyyət daşıyan və yüksəksəviyyəli liderlik tələb edən sahədir”, - deyə WUF13-ün milli koordinatoru bildirib.

Brifinq zamanı vurğulanıb ki, WUF13 ölkələr üçün öz şəhərsalma təcrübələrini təqdim etmək, innovativ yanaşmaları bölüşmək və qlobal dialoqa töhfə vermək baxımından mühüm imkan yaradacaq. Eyni zamanda, qeyd edilib ki, WUF13 tədbiri hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor nümayəndələrini bir araya gətirərək iqlim, demoqrafik və sosial-iqtisadi məsələləri əhatə etməklə yanaşı, əlçatan və davamlı mənzil təminatına çıxış imkanlarını müzakirə edəcək.

Hibrid formatda keçirilən tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər