Yeni Günəşli, Bayıl və Yeni Yasamala metro çəkiləcək? – AÇIQLAMA
“Son illərdə sürətlə inkişaf edən Yeni Günəşli, Bayıl, Yeni Yasamal kimi ərazilərə gələcəkdə metro xəttinin çəkilib-çəkilməyəcəyi də tez-tez müzakirə olunan məsələlərdəndir. Əslində bu ərazilərin hər biri planlaşdırılan metro xətlərinin müxtəlif istiqamətlərinə düşür”.
Operativ Media xəbər verir ki, bu barədə urbanist Anar Əliyevlə müsahibəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov danışıb.
O bildirib ki, Yeni Günəşli istiqaməti planlaşdırılan dairəvi xətt və yaşıl xətt üzərində nəzərdə tutulur:
“Bayıl ərazisi perspektivdə planlaşdırılan sarı xətt istiqamətinə daxildir. Yeni Yasamal isə mavi xətt üzrə inkişaf planlarına uyğun ərazi hesab olunur.
Ümumilikdə, Bakı Metropoliteni və şəhərin inkişaf strategiyasına əsasən 2025–2030-cu illəri əhatə edən planlarda əsas məqsədlərdən biri şəhər mərkəzindəki nəqliyyat yükünü azaltmaq və mobillik sistemini daha effektiv təşkil etməkdir.
Bu mərhələdə əsas diqqət şəhərin daxilində nəqliyyat axınının optimallaşdırılmasına yönəldilir. Sonrakı mərhələlərdə isə metro şəbəkəsinin şəhərin periferiyasına – yəni qəsəbələrə və yeni yaşayış massivlərinə doğru genişləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan xüsusilə dairəvi xəttin yaradılması böyük əhəmiyyət daşıyır. Çünki Bakı getdikcə meqapolisə çevrilir və belə şəhərlərdə dairəvi metro xətləri nəqliyyat sisteminin daha səmərəli işləməsinə kömək edir. Dünyanın bir çox böyük şəhərlərində hətta bir deyil, iki və ya üç dairəvi metro xətti mövcuddur.
Eyni zamanda Yeni Yasamal və digər yeni yaşayış massivləri də perspektiv planlarda diqqətdə saxlanılır və gələcək inkişaf mərhələlərində bu ərazilərin metro şəbəkəsinə inteqrasiyası nəzərdə tutulur”.