Ölkədə orta aylıq əməkhaqqı 5,3 faiz artıb
2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya bildirilib ki, 2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.