WUF13-lə bağlı “Eco-Art” festivalı keçirilib
Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə proqramının rəhbəri Anna Soave və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, həm də ekoloji düşüncə, mədəni irsin qorunması və yaradıcı yaşayış tərzi ilə ölçüldüyünü bildirib. O, “Eco-Art” festivalının bu ideyaların incəsənət vasitəsilə ifadəsinə xidmət etdiyini qeyd edərək, layihənin ekoloji düşüncə ilə incəsənətin uğurlu vəhdətini nümayiş etdirdiyini vurğulayıb. Əminə Məlikova festivalın həm WUF13 öncəsi həyata keçirilən ən yaddaqalan mədəni təşəbbüslərdən biri olacağına, həm də incəsənət vasitəsilə ekoloji düşüncənin təbliği istiqamətində mühüm mesaj verəcəyinə inandığını bildirib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ali məktəbin artıq bir neçə aydır Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq istiqamətində ardıcıl layihələr həyata keçirdiyini deyib. O qeyd edib ki, “Eco-Art” Festivalı gənclərin ekoloji düşüncə, milli-mədəni irs və müasir incəsənəti bir platformada birləşdirmək bacarığını nümayiş etdirən uğurlu təşəbbüsdür. Rektor vurğulayıb ki, belə layihələr Azərbaycanın yaradıcı potensialını və dayanıqlı gələcəyə verdiyi töhfəni beynəlxalq müstəvidə nümayiş etdirir.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın çoxəsrlik şəhərsalma mədəniyyətinin yaşadılması və müasir çağırışlara uyğun mütərəqqi yanaşmaların təşviqi baxımından “Eco-Art” Festivalını mühüm addım kimi qiymətləndirib. O bildirib ki, memarlıq və şəhər mühiti sadəcə daş və betondan ibarət deyil, həm də xalqın tarixinin, mədəniyyətinin və kimliyinin daşıyıcısıdır. Nazir müavini qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər gənc nəslin ekoloji problemlərə, təbiətin qorunmasına və şəhər mühiti ilə insan arasındakı harmoniyaya bədii baxışını əks etdirir. O vurğulayıb ki, bu yaradıcılıq nümunələri incəsənətin yalnız estetik deyil, həm də maarifləndirici və sosial məsuliyyət formalaşdıran güclü vasitə olduğunu sübut edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva bildirib ki, tədbirin “Eco-Art” Festivalı adlandırılması təsadüfi deyil. O qeyd edib ki, “eco” anlayışı iqlim dəyişikliyi fonunda şəhər mühitinin dayanıqlığını, “art” isə Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini simvolizə edir.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə proqramının rəhbəri Anna Soave WUF13-ün təşkilində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Bakı Şəhərsalma Kampaniyası çərçivəsində keçirilən belə təşəbbüslər dayanıqlı şəhər inkişafı, ekoloji məsuliyyət və ictimai iştirakçılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Anna Soave gənclərin və yaradıcı icmaların bu prosesə fəal qoşulmasını gələcəyin şəhərlərinin formalaşmasına verilən dəyərli töhfə kimi dəyərləndirib.
Festivalın bədii hissəsində Xalq artisti Gülyanaq Məmmədova və tələbələri “Aşiqi-kamil” - Şur kompozisiyası, ADMİU-nun SABAH qrupu isə “Qobustan sədaları” adlı kompozisiya ilə çıxış ediblər.
Festival çərçivəsində M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah Cadükuni-məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” adlı səhnə kompozisiyası nümayiş olunub.
Həmçinin festivalda Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan “Təkrar emalda miniatür”, “Daşın simfoniyası”, “Şəhər irsi” kimi kompozisiyalar təqdim edilib. Layihələrdə memarlıq detalları, ornamentlər və təkrar emal materialları üzərində qurulan bədii yanaşmalar ekoloji mesajlarla diqqət çəkib.
Eyni zamanda, “Yaşıl dünya - hər addım bir ümid” poster sərgisi, vitraj və kompozisiyalar, “Təbiət və tullantılar” adlı təkrar emal nümunələri, həmçinin “Abidələrin müasir rəng palitrası - daşdan ipəyə” adlı batika nümunələri nümayiş etdirilib. Tələbələrin hazırladığı bu işlər ekologiya, şəhər mühiti və mədəni irsin qorunması mövzularını yaradıcı şəkildə əks etdirib.
İncəsənət və ekoloji düşüncənin vəhdətini nümayiş etdirən “Eco-Art” Festivalı gənc yaradıcıların dayanıqlı gələcəyə baxışını ortaya qoyub. Festival, eyni zamanda, WUF13 öncəsi Bakıda keçirilən mədəni təşəbbüslər sırasında xüsusi əhəmiyyət daşıyıb.