WUF13-də hansı məsələlər müzakirə olunacaq?
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Forum çərçivəsində şəhərsalma, mənzil təminatı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və böhran sonrası bərpa prosesləri əsas müzakirə mövzularından olacaq. WUF13, həmçinin Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübələrin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm platforma hesab edilir.
Operativ Media xəbər verir ki, mühüm tədbir ərəfəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv Məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə AZƏRTAC-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) müzakirə ediləcək əsas şəhərsalma və davamlı inkişaf məsələləri hansılardır?
- BMT tərəfindən 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya nəticəsində şəhərlərdə yaranan çağırış və problemlərin müzakirəsi məqsədilə keçirilir. Forumun əsas koordinatoru BMT-nin Məskunlaşma Proqramıdır (UN-Habitat). İki ildən bir təşkil olunan forumda həmin dövr üçün aktual hesab edilən məsələlər müzakirəyə çıxarılır. Bu il forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Mövzu əsasən mənzil təminatı ilə bağlı problemləri əhatə edir. Dünyada 3 milyarda yaxın insan mənzil təminatında çətinliklə üzləşir, 1 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində və gecəqondularda yaşayır; münaqişələr, böhranlar və təbii fəlakətlər nəticəsində öz evlərini itirənlərin sayı artır. Bu kimi problemlər şəhərlərdə təhlükəsizlik, iqtisadi sabitlik və sağlamlıq məsələlərini risk altında qoyur. Məhz buna görə də şəhərsalma üzrə qərarverici şəxslər, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri bu məsələləri müzakirə etmək üçün Bakıda toplaşacaqlar.
- WUF13-ün beynəlxalq və yerli ictimaiyyətə çatdırılması istiqamətində hansı kommunikasiya strategiyası həyata keçirilir?
- Bunun üçün müxtəlif kommunikasiya strategiyaları həyata keçirilir. Beynəlxalq, regional və yerli səviyyələr üzrə fərqli yanaşmalar tətbiq olunur. Beynəlxalq istiqamətdə əsas fəaliyyət UN-Habitat, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir. Təbliğat fəaliyyəti beynəlxalq tədbirlərdə, qlobal platformalarda və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılır. Regional istiqamətdə kommunikasiya işləri UN-Habitat-ın regional ofisləri ilə yanaşı, Azərbaycanın müvafiq ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının dəstəyi ilə aparılır. Yerli ictimaiyyətin məlumatlandırılmasında dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, ali təhsil müəssisələri, yerli və regional idarəetmə orqanları, bələdiyyələr və icra hakimiyyətləri mühüm rol oynayır. Yanvar ayından etibarən dövlət qurumları, qeyri-hökumət təşkilatları, biznes nümayəndələri, ali təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə məlumatlandırma sessiyaları təşkil olunur. Bununla yanaşı, həm qlobal, həm də yerli media vasitəsilə forumla bağlı məlumatlar mütəmadi olaraq geniş auditoriyaya çatdırılır. Bütün bunlar ümumi kommunikasiya və təşviqat strategiyasının tərkib hissəsidir.
Azərbaycan növbəti dəfə regional müzakirə və əməkdaşlıqların mərkəzində yer alacaq
- Bu tədbirin ölkəmizin şəhərsalma və regional inkişaf siyasətinə uzunmüddətli təsiri nə olacaq?
- Forumun Azərbaycanın şəhərsalma və regional inkişaf siyasətinə uzunmüddətli və çoxşaxəli təsirləri gözlənilir. İlk növbədə, tədbir şəhərsalma sahəsində müzakirələrin və fikir mübadiləsinin genişlənməsinə töhfə verir. Hazırlıq prosesi çərçivəsində dövlət qurumları, akademik dairələr və ictimai institutlar arasında müzakirələr aparılıb və bu müzakirələrin əsas mövzusu şəhərsalma məsələləri olub. Bu proses şəhərlərdə mövcud mənzil problemlərinə diqqətin artırılmasına da şərait yaradır. Bununla yanaşı, bu ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkə miqyasında insan yönümlü şəhər həllərinin təşviqinə əlavə imkan verir. Piyada keçidlərinin təkmilləşdirilməsi, yaşıllıq ərazilərinin genişləndirilməsi və müasir urbanistik yanaşmaların tətbiqi əsas istiqamətlərdən hesab olunur.
Xarici siyasət baxımından isə, Azərbaycan növbəti dəfə regional müzakirə və əməkdaşlıqların mərkəzində yer alacaq. Çünki forum çərçivəsində müxtəlif koalisiyaların və beynəlxalq təşkilatların görüşləri keçiriləcək, şəhərsalma istiqaməti üzrü memorandumlar imzalanacaq. Bunlar da, öz növbəsində, Azərbaycanın urbanistik mövzuların müzakirəsində regional platforma rolunun daha da güclənməsinə imkan yaradacaq.
Uzunmüddətli təsirlərdən danışarkən insan kapitalının inkişafını da xüsusi qeyd etmək lazımdır. Çünki son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər nəticəsində tədbir təşkilatçılığı və məzmun idarəçiliyi sahəsində peşəkar təcrübə formalaşıb. Bu forumun uğurla keçirilməsi də yeni peşəkar kadrların yetişməsinə töhfə verəcək.
- WUF13-də Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf təcrübələrinin təqdimatı necə həyata keçiriləcək?
- WUF13 Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübələrinin təqdimatı üçün də mühüm imkan olacaq. Forumun əsas tədbirləri sayılan nazirlər görüşü, dialoqlar, dəyirmi masalar, assambleyalar və xüsusi sessiyalarda Azərbaycan hökümətini, vətəndaş cəmiyyətini, təhsil sahəsini təmsil edən nümayəndələr çıxış edəcəklər. Tərəfdaş tədbirləri adlanan kateqoriya üzrə 20-yə yaxın yan tədbirin keçirilməsi nəzərdə tutulur.
- WUF13-ün digər beynəlxalq forumlardan fərqi nə olacaq?
- WUF13-ün digər forumlardan əsas fərqi onun açıq və inklüziv xarakter daşımasıdır. Forumda dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti təşkilatları, biznes nümayəndələri və akademik dairələri təmsil edən ekspertlər iştirak edə biləcəklər. Tərəfdaş tədbirləri adlanan kateqoriya üzrə təşkil ediləcək 350-dən çox tədbirin təşkilatçıları da məhz həmin sektorları təmsil edən qurumlardır. Bu isə tərəfdaşların tədbirin məzmununun formalaşdırılmasında birbaşa iştirak etməsi deməkdir. Forum çərçivəsində keçiriləcək assambleya və dəyirmi masalar müxtəlif maraq qruplarını əhatə edəcək. Qadınlar, gənclər, əlilliyi olan şəxslər, biznes nümayəndələri və peşəkar birliklər üçün ayrıca platformalar yaradılacaq. Bu sessiyalar həmin qrupların problemlərini və təkliflərini beynəlxalq səviyyədə səsləndirməsinə imkan verəcək.
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları təqdim olunacaq
- Azərbaycanın işğaldan azad edilən ərazilərində tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının beynəlxalq ictimaiyyətə təqdimatı üçün xüsusi panel sessiyaları nəzərdə tutulub?
- Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən layihələrin, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının təqdimatı da bizim qarşımızda duran əsas prioritetlərdən biri olacaq. Həmin ərazilərdə həyata keçirilən layihələr şəhərsalma sahəsində mühüm təcrübə hesab olunur. Çünki burada tətbiq edilən yanaşmalar həm bir-birindən fərqlənir, həm də müasir urbanistik prinsiplərə əsaslanır. Bəzi ərazilərdə tam dağıdılan yaşayış məntəqələrinin yenidən qurulması, bəzi bölgələrdə isə mədəni irsin qorunması ilə paralel bərpa işlərinin aparılması fərqli yanaşmaların tətbiqini tələb edib. Azərbaycan bu istiqamətdə uğurlu təcrübə formalaşdırıb. Eyni zamanda, ağıllı və yaşıl texnologiyaların tətbiqi, ekoloji tikinti metodlarından istifadə də diqqət çəkən yeniliklər sırasındadır. Bu təcrübələrin təqdimatıbir neçə istiqamətdə həyata keçiriləcək. “Böhrandan sonrakı bərpa və quruculuq proseslərində mənzil təminatı” mövzusunda keçiriləcək dialoqda Azərbaycan hökuməti iştirak edəcək. Bununla yanaşı, Azərbaycan pavilyonunda işğaldan azad olunan ərazilərə xüsusi bölmə ayrılacaq və həyata keçirilən layihələr nümayiş etdiriləcək. “Təcrübə mərkəzi” platformasında isə həmin bölgələrdə həyata keçirilən uğurlu təcrübələr paylaşılacaq.
Azərbaycan Pavilyonunda xüsusi nümayəndəliklər tərəfindən keçiriləcək sessiyalarda bölgədə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat veriləcək. Beləliklə, Azərbaycan işğaldan azad olunan ərazilərdə formalaşdırdığı şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim edəcək.
