Menyu

Deputat: “WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma siyasətində mövqeyini daha da gücləndirəcək”

Ayşən Sadıxzadə
Deputat: “WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma siyasətində mövqeyini daha da gücləndirəcək”

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası artıq başlayıb. Bu forum Azərbaycanın qlobal platformalarda artan nüfuzunu və strateji əhəmiyyətini göstərir. Beynəlxalq ekspertlər də bildirir ki, ev sahibi olan Azərbaycan WUF13-ə həm də şəhərsalma və davamlı inkişaf sahəsində öz modelini təqdim edən tərəf kimi yanaşır. UN-Habitat rəhbəri də Bakıda forumla bağlı görülən hazırlıq işlərini yüksək qiymətləndirdi, tətbiq olunan innovativ yanaşmaları xüsusi vurğuladı. Bu, Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirlərin təşkilində artıq zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

O bildirib ki, xüsusilə diqqət çəkən məqamlardan biri COP29 ilə WUF13 arasında yaradılan əlaqədir. COP və WUF BMT sisteminin ən böyük tədbirlərindən hesab olunur. Azərbaycanın qısa müddət ərzində bu iki mühüm platformaya ev sahibliyi etməsi ölkənin qlobal iqlim, urbanizasiya və davamlı inkişaf gündəliyində artan rolunu nümayiş etdirir. Bu, eyni zamanda Bakının beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir:

“Bu tədbir Azərbaycanın şəhərsalma siyasətinin əsas prioritetlərini açıq şəkildə ortaya qoyur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri beynəlxalq səviyyədə nümunəvi xarakter daşıyır. “Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları əsasında qurulan yeni yaşayış məntəqələri Azərbaycanın postmünaqişə dövründə müasir və dayanıqlı inkişaf modelini formalaşdırdığını göstərir.

Bu baxımdan WUF13 Azərbaycanın əldə etdiyi təcrübəni dünya ilə paylaşmaq üçün mühüm platformaya çevriləcək. Forum çərçivəsində keçiriləcək müzakirələrdə yalnız nəzəri yanaşmalar deyil, praktik həllər və real layihələr də təqdim olunacaq. Bu isə Azərbaycanın beynəlxalq şəhərsalma siyasətində fəal tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.

WUF13 təkcə şəhərsalma sahəsində deyil, həm də iqtisadi və siyasi baxımdan Azərbaycan üçün mühüm dividendlər vəd edir. Forum ölkəyə beynəlxalq investorların, ekspertlərin və təşkilatların diqqətini artıracaq, yeni əməkdaşlıq imkanları yaradacaq. Eyni zamanda Bakı bir daha özünü qlobal tədbirlərin etibarlı ünvanı kimi təqdim etmiş olacaq.

WUF13 Azərbaycanın beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf və innovativ şəhərsalma siyasətində yeni mərhələnin başlanğıcıdır.

Bu nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və davamlı inkişaf sahəsində artan rolunu daha bir təsdiqləyir”.

Əlaqəli Xəbərlər