Menyu

Turizm eksperti: “WUF13 Azərbaycanın beynəlxalq imicini gücləndirən böyük platformadır”

Ayşən Sadıxzadə
Turizm eksperti: “WUF13 Azərbaycanın beynəlxalq imicini gücləndirən böyük platformadır”

WUF13 Azərbaycan üçün sadəcə şəhərsalma tədbiri deyil, eyni zamanda ölkənin beynəlxalq imicini gücləndirən çox böyük platformadır. Bu gün artıq 50 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF13-ün nə qədər böyük maraq doğurduğunu göstərir. Hətta əvvəlki illərdə keçirilən forumlarla müqayisədə bu qədər geniş iştirakın qeydə alınmaması Bakıda təşkil olunan tədbirin miqyasını daha aydın şəkildə ortaya qoyur.

Bu sözləri Operativ Media-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O bildirib ki, üstəlik, tədbirə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli qonaqların qatılması, dövlət və hökumət nümayəndələrinin iştirak etməsi WUF13-ün nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin ali qonaqları şəxsən qəbul etməsi, onlara xüsusi diqqət göstərməsi Azərbaycanın qonaqpərvər və etibarlı tərəfdaş imicini beynəlxalq mediada ön plana çıxarır. Bu gün WUF13 çərçivəsində Azərbaycan haqqında yayılan görüntülər, xəbərlər və reportajlar ölkəmizin dünya miqyasında tanıdılması baxımından olduqca əhəmiyyətlidir:

“Ən vacib məqamlardan biri də budur ki, tədbirə 162 ölkədən nümayəndə heyətlərinin gəlməsi Azərbaycanın beynəlxalq əlaqələrinin nə qədər geniş olduğunu göstərir. Bu nümayəndə heyətləri ilə yanaşı, həmin ölkələrin media qurumları da WUF13-ü yaxından işıqlandırırlar. Nəticədə Azərbaycan həm təhlükəsiz, sabit və müasir ölkə kimi, həm də dünyaya açıq, humanist və əməkdaşlığa meyilli dövlət kimi təqdim olunur.

Təbii ki, bunun turizmə təsiri çox böyükdür. Çünki belə tədbirlər zamanı Azərbaycan milyonlarla insanın diqqət mərkəzinə çevrilir. Xarici qonaqlar Bakının müasir infrastrukturu, şəhərsalma nümunələri, milli mədəniyyəti və qonaqpərvərliyi ilə yaxından tanış olurlar. Bu isə gələcəkdə ölkəyə turist axınının artmasına, investisiya imkanlarının genişlənməsinə və ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına ciddi töhfə verir.

Əslində, WUF13 Azərbaycan üçün böyük beynəlxalq reklam platformasıdır. COP29 kimi qlobal tədbirlərdən sonra WUF13-ün də Bakıda keçirilməsi ölkəmizin artıq beynəlxalq tədbirlər mərkəzinə çevrildiyini göstərir. Bu gün dünya Azərbaycana maraqla baxır və ölkəmiz beynəlxalq dialoq platforması rolunu uğurla yerinə yetirir.

Bizim milli dəyərlərimizdə qonaqpərvərlik hər zaman xüsusi yer tutub. Qədimdən evimizə gələn qonaq bayram sevinci hesab olunub. Bu gün də minlərlə xarici qonağın Azərbaycana gəlməsi xalqımız üçün bir bayram ab-havası yaradır. Ona görə də WUF13 kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir”.

Əlaqəli Xəbərlər