WUF13-də Nigeriya nümayəndəsi: “Niger Deltasında üzən evlər və yeni şəhərsalma modeli təklif edirik”
Operativ Media
Nigeriya nümayəndəsi WUF13 çərçivəsində daşqınlara qarşı innovativ şəhərsalma layihəsini təqdim edib.
WUF13 çərçivəsində Operativ Media-ya açıqlama verən Nigeriya nümayəndəsi Stevart Okio ölkəsində həyata keçirilən iqlimə davamlı şəhərsalma və daşqın risklərinin azaldılması üzrə layihədən danışıb.
O bildirib ki, Niger Deltasında aparılan işlər çərçivəsində ərazilərin məkan üzrə xəritələndirilməsi həyata keçirilir və məqsəd iqlim dəyişikliklərinə uyğun dayanıqlı icma modellərinin formalaşdırılmasıdır.
“Bildiyiniz kimi, Nigeriya Qərbi Afrikada ən böyük neft istehsal edən ölkədir. Bu neft Niger Deltasındakı zəngin regiondan çıxır. Niger Delta müxtəlif etnik qrupların, mədəniyyətlərin və dillərin olduğu bir ərazidir, lakin burada ciddi problem daşqınlar mövcuddur,” – deyə o bildirib.
Nümayəndə qeyd edib ki, daşqınlar zamanı yerli əhali ciddi çətinliklərlə üzləşir və bəzən evlərini tərk etməyə məcbur qalır. Onun sözlərinə görə, Riverside Universiteti bu problemi həll etmək üçün yeni yanaşma hazırlayıb.
Layihə çərçivəsində ərazilər Zona A, B, C və D kimi bölgələrə ayrılır. Zona A yüksək relyefli və sabit bünövrəli tikililər üçün nəzərdə tutulur. Zona B-də asma tipli binalar planlaşdırılır. Zona C və D-də isə daşqın riskinin yüksək olduğu ərazilər üçün su səviyyəsinə uyğun hərəkət edən üzən evlər təklif olunur.
“Bu yanaşma insanların evlərini tərk etmədən su səviyyəsinin dəyişməsinə uyğun yaşamasına imkan verəcək,” – deyə o vurğulayıb.
Stevart Okio əlavə edib ki, layihə artıq dizayn və planlama mərhələsini tamamlayıb və hazırda icra mərhələsi üçün investorlar və əməkdaşlar axtarılır.
Onun sözlərinə görə, məqsəd Niger Deltasında dayanıqlı və təhlükəsiz yaşayış mühitinin yaradılmasına töhfə verməkdir.