WUF13 iştirakçısı: “Bu tədbir əvvəlkilərdən daha böyük miqyasdadır”
“Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və forum çox böyük miqyasdadır”.
WUF13 çərçivəsində Bakıda olan xarici iştirakçı forum və şəhərlə bağlı Operativ Media-ya açıqlamasında yüksək təəssüratlarını bölüşüb.
O bildirib ki, bu səfər onun ziyarət etdiyi 86-cı ölkədir və Ümumdünya Şəhərsalma Forumunda artıq üçüncü dəfə iştirak edir. Nümayəndə WUF13-ün miqyasını xüsusilə böyük və təsirli adlandırıb.
“Bu həqiqətən inanılmazdır. Burada olduğum üçün çox həyəcanlıyam. Bu, mənim iştirak etdiyim üçüncü World Urban Forumdur, amma bu tədbir çox daha böyükdür. Onun bu qədər geniş miqyasda olduğunu təsəvvür etməzdim,” – deyə o qeyd edib.
O, Bakını indiyədək səfər etdiyi ən gözəl şəhərlərdən biri kimi qiymətləndirib və şəhərin bəzən beynəlxalq mediada yetərincə tanıdılmadığını bildirib.
“Bir çox insanlar Bakını İstanbul və ya Türkiyəyə bənzədir, amma əslində Bakı daha fərqlidir və məncə daha yaxşıdır. İnsanlar çox mehribandır və şəhər ümumilikdə çox gözəldir,” – deyə iştirakçı vurğulayıb.
Nümayəndə dünən İçərişəhərə etdiyi səfərdən də danışaraq, şəhərin tarixi hissəsinin onda xüsusi təəssürat yaratdığını qeyd edib.
“İçərişəhər həqiqətən möhtəşəmdir. Bu dövrdə çox turist olmaması mənə hər şeyi daha rahat görmək imkanı verdi. Bu çox yaxşı təcrübə idi,” – deyə o əlavə edib.
O, həmçinin Azərbaycanda qonaqpərvərliyin yüksək səviyyədə olduğunu və ölkənin beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini bildirib. Nümayəndə gələcəkdə yenidən Bakıya qayıtmaq istədiyini də vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.