Pakistandan olan iştirakçı: "Azərbaycan WUF13-ə çox gözəl ev sahibliyi edir"
"Mən Pakistandanam və biz burada Pəncab əyalətini təmsil edirik. Biz müxtəlif ölkələrə belə bir imkan yaratdığı üçün Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan bu tədbirə (WUF13) çox gözəl ev sahibliyi edir".
Bu sözləri Operativ Media-ya açıqlamasında Pakistandan olan iştirakçı Anum Shahid bildirib.
Onun sözlərinə görə, mənzil təminatı bütün dünyada hamı üçün əlçatan olmalıdır və inkişaf davamlı xarakter daşımalıdır:
"Eyni zamanda, iqlim dəyişikliyinə qarşı dözümlülük (davamlılıq) mütləq nəzərə alınmalıdır, çünki qlobal istiləşmə hər bir ölkəyə mənfi təsir göstərir. Bu baxımdan, qalıq yanacaqlardan istifadəni mərhələli şəkildə dayandırmaq və enerjiyə qənaət edən alternativ enerji mənbələrinə keçmək olduqca vacibdir. Biz bunlardan evlərimizdə, nəqliyyat vasitələrimizdə istifadə edərək ekoloji cəhətdən dayanıqlı "ağıllı şəhərlər"imizi inkişaf etdirə bilərik.
Bu forum insanların bir araya gələrək ortaq fikirlər yürütməsi və daha effektiv siyasət qərarlarının qəbul edilməsi üçün böyük bir fürsətdir. Bu qərarlar həm bütün dünya, həm dövlətlər, həm də bütün vətəndaşlar üçün faydalı olacaqdır".