Menyu

Deputat: "Bakı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından öz nüfuzunu bir daha təsdiqlədi"

Ayşən Sadıxzadə
Deputat: "Bakı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından öz nüfuzunu bir daha təsdiqlədi"

"Artıq başa çatmaqda olan bu forum tədbirinin ilkin nəticələri əslində çoxdan bəlli idi. Çünki bu forum şəhərsalma və urbanizasiya tarixində, eləcə də BMT-nin Məskunlaşma Proqramının fəaliyyəti tarixində mühüm hadisə kimi yadda qaldı. İştirakçıların və təmsil olunan ölkələrin sayına görə rekord göstəricilər qeydə alındı. İlk dəfə idi ki, bu qədər mütəxəssis, nazir və dövlət rəsmisi belə genişmiqyaslı platformada bir araya gəlirdi. Bakı bir daha beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından öz nüfuzunu təsdiqlədi".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Hikmət Məmmədov deyib.

O bildirib ki, şübhəsiz ki, urbanizasiya bu gün qlobal problemlərdən biridir və bu problem qlobal həll yolları tələb edir:

"Bakıda səsləndirilən fikirlər, irəli sürülən təşəbbüslər, təqdim olunan ideyalar və qarşılıqlı təcrübə mübadiləsi şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verdi. Forum çərçivəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi gələcəkdə daha dayanıqlı və müasir şəhər modellərinin formalaşmasına xidmət edəcək.

Bu tədbirin ən mühüm tərəflərindən biri isə Azərbaycanın dünyaya yenidən təqdim olunması oldu. Azərbaycan həyata keçirdiyi böyük quruculuq layihələri, şəhərsalma mədəniyyəti, işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri və müasir şəhər konsepsiyaları ilə öz təcrübəsini beynəlxalq ictimaiyyətlə paylaşdı. Beləliklə, 180-dən çox ölkədən gələn nümayəndələr Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı qazandılar.

Forum həm də qlobal medianın diqqətini Bakıya yönəltdi. Ölkəmizdə həyata keçirilən quruculuq layihələri beynəlxalq ictimaiyyətə təqdim olundu. Azərbaycan Prezidentinin çıxışları və beynəlxalq mediaya, o cümlədən Euronews kanalına verdiyi müsahibələr dünya mediasında geniş işıqlandırıldı və manşet mövzularından birinə çevrildi.

Dünya Şəhərsalma Forumunun əhəmiyyəti nə qədər böyükdürsə, forum çərçivəsində Azərbaycanın dünyaya təqdimatı da bir o qədər əhəmiyyətlidir. Azərbaycan bu platforma vasitəsilə həm beynəlxalq təcrübədən faydalandı, həm də öz uğurlu təcrübəsini dünya ilə bölüşdü. Beləliklə, qlobal urbanizasiya problemlərinin həlli istiqamətində növbəti mühüm addım atılmış oldu”.

Əlaqəli Xəbərlər