WUF13-də "Yaradan" adlı sənədli film təqdim edilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məhəllələrinin yaradılması” mövzusunda tədbir keçirilib.
Operativ Media xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin pavilyonunda təşkil olunan tədbirdə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunan "Yaradan" adlı sənədli film təqdim edilib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri və filmin ssenari müəllifi Ayaz Mirzəyev vurğulayıb ki, ekran işində Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanıqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb.
Bildirilib ki, sənədli filmin çəkilişləri Azərbaycanın işğaldan azad olunmuş əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.