Menyu

“Şəhərlər üçün izahlı lüğət”in təqdimatı olub

Operativ Media
“Şəhərlər üçün izahlı lüğət”in təqdimatı olub

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urban Expo”da Azərbaycan pavilyonunda “Şəhərlər üçün izahlı lüğətin” təqdimat mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, təqdimat mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov kitab barədə məlumat verib.

Ramil Cahangirov bildirib ki, lüğətin hazırlanması dəyərli bir təşəbbüsdür: “Son beş ildə, hətta daha uzun müddətdir ki, biz beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edirik. Təkcə biz deyil, xüsusilə gənc memarlar, gənc şəhərsalma mütəxəssisləri və şirkətlər də beynəlxalq tərəfdaşlarla sıx işləyirlər. Belə bir şəraitdə ortaq peşə dilinin olması son dərəcə vacibdir. Məhz buna görə də biz bu lüğəti memarlar, şəhərsalma mütəxəssisləri və bu sahəyə maraq göstərən hər kəs üçün çox faydalı və praktik bir alət hesab edirik. Bu vəsait terminologiyanın vahidləşdirilməsinə, anlayışların daha düzgün başa düşülməsinə və müasir tendensiyalarla bağlı əsas anlayışların mənimsənilməsinə kömək edəcək”.

Şöbə müdiri əlavə edib ki, bu lüğət tələbələr və akademik mühit üçün də çox faydalıdır. Nəşr Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərən “WUF13 Azərbaycan Əməliyyat Şirkəti”nin Substantiv Məzmun Bölməsi tərəfindən tərtib edilib. Bu, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Dövlət Komitəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun alimləri tərəfindən elmi rəy və ekspertiza baxımından qiymətləndirilib.

Əlaqəli Xəbərlər