Azərbaycanda məktəblərdə "TikTok"a girişə məhdudiyyət qoyulub
Azərbaycanda orta məktəblərdə internetə çıxışı məhdudlaşdırılıb.
Operativ Media xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə üç komitənin birgə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda orda məktəblərdə "TikTok"a, təhlükəli mövzulara girişə məhdudiyyət qoyulub.
"Təhsil sahəsində də müəyyən tədbirlər həyata keçirilir. Hazırda məktəblərdə TikTok platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir.
Beynəlxalq təcrübə göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir tərəfdən, sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, aqressiya və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstəyin əldə olunmasına kömək edir və müxtəlif qrupların öz fikirlərini ifadə etməsinə şərait yaradır.
Bu səbəbdən əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin və uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər".