Bu həftə 2 qanunda dəyişiklik qüvvəyə minəcək
Azərbaycanda iyulun 1-dən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq.
Operativ Media xəbər verir ki, bu Əmək Məcəlləsində "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara edilən dəyişiklik ilə mümkün olacaq.
Bu dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılacaq və bunun üçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq.
Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədə sığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdim edilərkən həm SSN, həm də FİN-in ayrıca göstərilməsi tələb olunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq.
Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılmaqla, müvafiq sahədə məlumat mübadiləsi daha sürətli və dəqiq həyata keçiriləcək. İşə qəbul edilən şəxslərdən əlavə olaraq sosial sığorta nömrəsi tələb edilməyəcək, sosial sığorta sistemində inzibati prosedurlar optimallaşdırılacaq.
Həmçinin, sosial sığorta sistemi ilə bağlı elektron xidmətlərin səmərəliliyi daha da artacaq, bu sahədə proseslərin daha sadə, şəffaf və operativ həyata keçirilməsi təmin ediləcək