Müəllimlərin əməkhaqqı islahatları və növbəti hədəflər bəlli olub
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin əməkhaqqı ilə bağlı həyata keçirilən xronoloji islahatlar və gələcək hədəflər açıqlanıb.
Operativ Media xəbər verir ki, bu haqda "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə bildirilib.
Məlumata görə, islahatların ilk böyük mərhələsi 2015-ci ildə diaqnostik qiymətləndirmənin tətbiqi ilə başlayıb.
Həmin dövrdə müəllimlərin həftəlik dərs yükü norması 12 saatdan 18 saata qaldırılıb, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb.
İkinci mühüm mərhələ 2022-ci ildə sertifikatlaşdırma prosesinin tətbiqi ilə reallaşıb.
Bu islahat çərçivəsində imtahanlarda uğur qazanan müəllimlərin maaşına 10%, yüksək nəticə göstərənlərin maaşına isə 35% əlavə hesablanıb.
İslahatlar planında növbəti əsas hədəf 2027-ci il olaraq müəyyən edilib.
Belə ki, gələn il sertifikatlaşdırma prosesinin ölkədəki bütün müəllim heyətini tam əhatə edəcəyi gözlənilir.
Bunun ardınca isə sistemdə növbəti islahat ehtiyaclarının qarşılanması istiqamətində addımların atılacağı planlaşdırılır.