Azərbaycanda alternativ enerji ixtisası tədris oluna bilər
Azərbaycanda 2027-ci ildən etibarən 1 illik texniki peşə kimi alternativ enerji ixtisası tədris oluna bilər.
Operativ Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki Peşə Təhsili Mərkəzinin direktoru Kənan Bağırov "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, son dövrlər alternativ enerji sahəsinə diqqət həm təhsil müstəvisində artıb, həm də praktik olaraq sənaye məsələləri baxımından maraq genişlənib: "Bu kontekstdə mütəxəssislərin tədrisə cəlb olunması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Almaniya şirkəti ilə dual tədris üzrə əməkdaşlıq edirik. Azərbaycanda dual təhsil proqramı həyata keçirən 3 mərkəzdən biriyik. Daha əvvəl bu proqram informasiya texnologiyaların əhatə etsə də, 2025-ci ildə növbəti mərhələ üzrə proqram hazırlanan zaman bura "ağıllı kənd təsərrüfatı" və alternativ enerjinin də daxil edilməsin təklif etdik. Onlar bunu dəstəkləyib və hazırda bu istiqamətdə işlər gedir. Almaniya şirkəti tərəfindən artıq Peşə Təhsil Agentliyinə alternativ enerji üzrə dual təhsil proqramının hazırlanması üzrə təkliflər verilib. Təsdiq olunacağı təqdirdə bununla artıq 2027-ci ildən etibarən tələbə qəbulunda 1 illik texniki peşə kimi alternativ enerji ixtisasının əlavə olunması üçün yeni imkanlar yaranacaq".
K.Bağırov deyib ki, yüksək texniki peşə uzunmüddətlidir, texniki peşə isə qısa zamanda sektoru ixtisaslı kadrlarla təmin etməyə imkan verəcək: "Xüsusilə dual təhsilin olması yəni təhsil və istehsal müəssisələrinin əməkdaşlığı ilə praktiki səriştələri qısa zaman kəsiyində formalaşdırılmağa imkan verəcək. Ona görə ümid edirəm ki, gələn ildən artıq bu təhsil proqramını tədris prosesinə daxil edə biləcəyik".