104 Azərbaycanlı tələbə Macarıstanda təhsil almaq hüququ qazanıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı illər üzrə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, 2026/2027-ci tədris ili üçün 104 Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, Macarıstan tərəfinin yekun seçim nəticələrinə əsasən, proqrama qəbul olunan namizədlərdən 11 nəfəri bakalavriat, 80 nəfəri magistratura, 13 nəfəri isə doktorantura səviyyəsində təhsil alacaq.
Tələbələr kompüter elmləri, data elmləri, maliyyə, beynəlxalq iqtisadiyyat və biznes, beynəlxalq münasibətlər, menecment, kimya mühəndisliyi və digər prioritet istiqamətlər üzrə ixtisaslaşacaqlar.
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində seçilmiş namizədlər Macarıstanın aparıcı ali təhsil müəssisələri sırasında yer alan Eötvös Loránd University, Corvinus University of Budapest, Budapest University of Technology and Economics, Óbuda University, University of Debrecen, Budapest University of Economics and Business və digər universitetlərdə təhsil almaq imkanı əldə ediblər.
Qeyd edək ki, “Stipendium Hungaricum” təqaüd proqramı Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, gənclərin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını artırmasına, eləcə də ölkəmiz üçün prioritet sahələr üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.