Taksi və yükdaşımalarını həyata keçirən sürücülər imtahan veriblər
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülər, eləcə də ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirib.
DİM-dən Operativ Media-ya bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1376 namizəd qeydiyyatdan keçib. Onlardan 1301-i imtahanda iştirak edib və 979 nəfər uğur qazanıb.
Beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında iştirak edən 95 namizəddən 42-si müvəffəq olub.
Avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün keçirilən imtahanda 7 namizəd iştirak edib, onlardan 3-ü uğur qazanıb.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında iştirak edən 153 namizəddən 120-si müvəffəqiyyət əldə edib.
Ölkədaxili yükdaşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi imtahanında isə 178 namizəd iştirak edib və onlardan 123-ü uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyulun 15-də və 16-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.