Reuters: Azərbaycan və Ermənistan arasında real sülh var, lakin yekun saziş konstitusiya dəyişikliyindən asılıdır
"Reuters" informasiya agentliyində Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi və tərəflər arasındakı sülh danışıqlarının hazırkı vəziyyətindən bəhs edən geniş məqalə dərc olunub.
Operativ Media xəbər verir ki, məqalə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Şuşada keçirilən forum çərçivəsində agentliyə verdiyi eksklüziv müsahibəyə əsaslanır.
Hikmət Hacıyev bildirib ki, hazırda iki ölkə (red: Azərbaycan - Ermənistan) arasında sadəcə kağız üzərində deyil, real sülh mövcuddur, birbaşa təmaslar artıb və iqtisadi əlaqələr, o cümlədən Azərbaycanın Ermənistana neft məhsulları tədarükü bərpa olunub.
O, vurğulayıb ki, rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən bəndlərin rəsmən ləğv edilməsini mütləq şərt kimi irəli sürür.
Digər tərəfdən, məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi bəyanatlarına istinadən qeyd olunur ki, İrəvan yeni konstitusiya layihəsi hazırlayıb referendum keçirmək niyyətindədir. Lakin agentliyin apardığı siyasi təhlilə və Ermənistan parlamentindəki mövcud qüvvələr nisbətinə əsasən, Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının təkbaşına referendum çağırmaq üçün kifayət qədər konstitusion çoxluğu yoxdur və ruspərəst müxalifətin bu addıma necə reaksiya verəcəyi qeyri-müəyyən olaraq qalır.
Məqalədə qeyd olunub ki, ABŞ-nin Rusiyadan yan keçən alternativ ticarət yolları yaratmaq strategiyası çərçivəsində dəstəklədiyi və "Tramp Marşrutu" (TRIPP) adlandırılan 43 kilometrlik dəhliz Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirməlidir.
Hikmət Hacıyev Reuters-ə açıqlamasında bu layihənin tikintisinə bu payızda başlanması üçün Vaşinqtondan ciddi və müsbət siqnallar aldıqlarını qeyd edib. O, həmçinin Azərbaycanın öz ərazisindəki Zəngilan rayonuna qədər olan infrastrukturu 2026-cı ilin sonuna kimi tamamlamağı planlaşdırdığını da diqqətə çatdırıb.