Bişkekdə sülh və tranzit müzakirələri: İlham Əliyev və Paşinyan görüşünün əsas detalları - TƏHLİL
“Prezident İlham Əliyevin Qırğızıstana səfəri və “ŞƏT+” formatında keçirilən Zirvə görüşündə iştirakı Azərbaycanın son illərdə Avrasiya məkanında apardığı çoxşaxəli xarici siyasətin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, Azərbaycan ŞƏT məkanındakı aparıcı dövlətlərin əksəriyyəti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir:
“Ölkəmizin “ŞƏT+” formatında ən yüksək səviyyədə təmsil olunması həm də onu göstərir ki, Azərbaycan bu proseslərdə öz mövqeyi və təşəbbüsləri olan mühüm regional aktorlardan biridir. Prezident İlham Əliyevin məhz ŞƏT tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəlməsi bu prosesə verilən siyasi əhəmiyyəti göstərir.
Bu əməkdaşlığın əhəmiyyətli tərəflərindən biri də nəqliyyat və bağlantılar məsələsidir. Bu gün Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən Orta Dəhlizin strateji çəkisi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan isə həm coğrafi mövqeyi, həm də son illərdə yaratdığı liman, dəmir yolu və digər nəqliyyat infrastrukturu ilə bu marşrutun əsas həlqələrindən biridir. Bu baxımdan ŞƏT ölkələri ilə münasibətlər təkcə siyasi dialoq deyil, eyni zamanda ticarət, tranzit, enerji və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Ülviyyə Zülfiqar Azərbaycan və Ermənistan liderlərinin Bişkekdə baş tutan səfərindən də danışıb:
“Bişkek səfərinin digər mühüm siyasi hadisəsi Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür.
Görüşlə bağlı yayılan rəsmi bəyanatda bildirilir ki, liderlər 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə görüşünün, Birgə Bəyannamənin, eləcə də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıb. Görüşdə liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıblar.
TRIPP üzrə növbəti praktiki addımların müzakirə edilməsi göstərir ki, prosesin artıq icra mərhələsinə yönəlməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır. Xüsusilə bağlantıların açılması prinsipial əhəmiyyət daşıyır. Çünki bu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı, daha geniş mənada isə Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat sisteminə inteqrasiyası məsələsidir.
Azərbaycan hər zaman regionda sülhün davamlı olmasının, ticarət, tranzit, qarşılıqlı iqtisadi maraqlar və regional bağlantılar vasitəsilə möhkəmləndirilməsinin tərəfdarı olub.
Məhz belə bir model sülhün dayanıqlılığını təmin etməklə yanaşı, region dövlətləri arasında qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradır.
dəqiqələr içində saytın olsun.